“Simonyanın dürüstlüyü sabah bəlli olacaq”
    • 29-11-2023, 13:54
    • 196

“Simonyanın dürüstlüyü sabah bəlli olacaq”

Ermənistan parlamentinin sədri Alen Simonyan ötən gün jurnalistlərə bir sıra məsələlər barədə açıqlamalar verib.

O müəyyən bir vaxtdan sonra ermənilərlə azərbaycanlıların  yanaşı yaşamalı olacağına diqqət çəkib.

“Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. İstisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar”, - deyə Simonyan qeyd edib.

Maraqlıdır, Azərbaycanın “Qərbi Azərbaycana qayıdış” açıqlamalarını ərazi iddiası kimi qəbul edib ajiotaj yaradan Ermənistanın bu mövqedən çıxış etməsində hansı məqsədlər dayanır?

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Arzu Nağyev hesab edir ki, Simonyan daxili auditoriya və öz xarici dövlətlər və havadarları üçün belə açıqlamalar verməklə yadda qalır.


“Simonyan çıxışında bir sıra məsələlərə toxunub. O, əsasən sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan edib. Təbii ki, Ermənistan tərəfi bizim təqdim etdiyimiz 5 prinsip əsasında keçiriləcək görüşdə fikirlərini bildirməli və sülh sazişinin imzalanmasında maraqlı olmalıdırlar. Azərbaycan prezidenti də çıxışı zamanı bildirmişdi ki, biz artıq iki aydan çoxdur ki, qarşı tərəfdən cavab gözləyirik. Bu gün artıq Simonyan da görür ki, onlar sülh müqaviləsini imzalamamaqla əslində özlərinin iqtisadi, siyasi və hərbi maraqlarına ziyan vururlar. Çünki tənəzzülə uğramış iqtisadiyyat, dağılmış hərbi və siyasi məsələlərdə humanizmdən danışan bu cəmiyyət sülhün həyata keçməsini müxtəlif üsullarla uzadır”, - o deyib.

A.Nağıyevin sözlərinə görə, Azərbaycanlıların gedib Qərbi Azərbaycanda gedib yaşaması təkcə Simonyandan asılı deyil. 

“Birgə yaşayış məsələsinə gəldikdə isə məlumdur ki, bir çox müharibələrin sonu axırda barışıqla, sülhlə nəticələnir. Sözsüz ki, hələ də vurulan yaralar sağalmayıb. Lakin zaman keçdikcə, sülh müqaviləsi imzalandıqdan sonra qarşılıqlı şəkildə müəyyən addımlar atmaq olar. 

Əlbəttə o ərazilər bizim öz əzəli torpaqlarımızdır oraya gələcəkdə məskunlaşmaq üçün addımların atılması perspektivləri var. Simonyan onu da qeyd etdi ki, hələ liderlərin görüşü nəzərdə tutulmayıb. Bu, bir siyasətçinin daxili auditoriya və xarici qüvvələr üçün apardığı danışıqlardır. Hadisələrin gedişatını zaman göstərər. Sabah baş tutacaq görüşdən də çox şey asılıdır. Simonyanın sözlərində nə qədər düz danışdığı və buna hazır olduqları sabah bəlli olacaq”, - deyə deputat fikrini yekunlaşdırıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bu haqda danışmağın bir qədər çətin olduğunu vurğulayıb.

“Çünki Ermənistanın siyasi elitası o cümlədən Paşinyan dəfələrlə demək olar ki, müxtəlif ziddiyyətli bəyanatlar verirdilər. Simonyanın sözügedən açıqlaması da eyni qəbilədəndir. Hər bir halda bu bəyanatı müsbət dəyərləndirirəm. Bunun müsbət olması normal haldır, çünki Ermənistan insan hüquqları məsələsini gündəmə gətirmək niyyətindədirlərsə, bu, hər kəsə şamil edilməlidir”,- deyə o, fikrini yekunlaşdırıb.

Ayşən Rəhim