"Qadınların həbsxanaya düşməsində valideynlər günahkardır" - Birlik sədri
    • 19-12-2023, 22:12
    • 388

"Qadınların həbsxanaya düşməsində valideynlər günahkardır" - Birlik sədri

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi zərif cinsdən olan məhkumların həbsxana həyatından sonra cəmiyyətə inteqrasiyası istiqamətində geniş maarifləndirmə tədbirlər həyata keçirəcək. Hazırda birlik bu istiqamətdə layihələr hazırlayır".

News24.az xəbər verir ki, bu barədə Bakupost.az-a "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri, jurnalist Firuzə İskəndərova bildirib.

Birlik sədrinin fikrincə, bir çox cinayətlər adət-ənənə, mental dəyərlər pərdəsi arxasında gizlədilir:

"Bəzən həbsxanaya düşən qadınların özlərindən daha çox valideyinləri günahkardır. Onların əksəriyyəti dünyaya uşaq gətirməyi hünər hesab edir. Amma əsl hünər uşaqları fiziki və mənəvi cəhətdən sağlam tərbiyə etməkdir. Təəssüf ki, bəzi valideynlər bu məsuliyyəti unudurlar. Vaxtında həll edilməyən problemlər gələcəkdə həm valideynlər, həm də qız övladları üçün müəyyən çətinliklər yaradır".

F.İskəndərovanın sözlərinə görə, belə çətinliklərə dözməyənlər qaranlığa, cinayətə sürüklənir:

"Ailə tərbiyəsi elə bir qarşılıqlı prosesdir ki, burada hər iki tərəf iştirak edir. Necə deyərlər, nə verirsən, onu da geri alırsan. Bu baxımdan düşünürəm ki, məhkum qadınların problemi ailənin probleminin görünən tərəfidir. Ailədaxili konfliktlər içində böyüyən qızlar bunu yeni qurduqları ailədə də davam etdirirlər. Müəyyən zamandan sonra onlar bu konfilikti cəmiyyətə transfer edirlər".

F.İskəndərova sonda bu gün qız övladları dəmir barmaqlıqlar arxasında olan xeyli anaların olduğunu xatırladıb və qadınlara çağırış edib:

“Övladınızın sirdaşı, dostu olun. Yeri gələndə onların qarşısında, yeri gələndə arxasında durun. Övladlarınızı tamamən nəzarətdən kənarda qoymayın. Çünki məhkum qadınlar arasında valideyin məsuliyyətsizliyinədən cinayətə sürüklənən onlarla qadın var".