Neft erası başa çatır? - Deputat AÇIQLADI
    • 17-01-2024, 17:23
    • 334

Neft erası başa çatır? - Deputat AÇIQLADI

2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib. ÜDM-də qeydə alınan 1.1 faiz artım da məhz enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.

News24.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, sənayedə də oxşar mənzərə hökm sürür:

 "2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb. Neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır. Qeyd edək ki, Brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə bu rəqəm ötən il 82.56 dollar olub".

Deputat əlavə edib ki, 2023-cü ilin makro-iqtisadi yekunları bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşdirilməsinin əhəmiyyətini göstərir: 

"Bu il Azərbaycan üçün yeni dövrün başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu neftdən asıllığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır".

Qumral