Paşinyanın bədən dili: “Qeybətcildir ”
    • 19-01-2024, 21:10
    • 247

Paşinyanın bədən dili: “Qeybətcildir ”

Ermənistanın baş naziri Nikol Paşinyan bir çoxları tərəfindən uğursuz və səriştəsiz lider kimi qəbul olunur. Buna səbəb kimi İkinci Qarabağ mühribəsindəki məğlubiyyət, ölkəsinin xarici siyasəti və daxili vəziyyəti ilə bağlı uğursuzluqlar göstərilir. Digər tərəfdən, Paşinyan siyasi arenalarda və beynəlxalq tədbirlərdə hərəkətləri, açıqlamaları və jestləri ilə bir çox hallarda gülməli vəziyyətə düşərək gündəm olur. 

News24.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə Paşinyanın bədən dili ilə bağlı bəzi maraqlı nüanslara aydınlıq gətirib: 

“İlk baxışdan görünür ki, Paşinyanın doğrudan da çox gülməli davranışları var. Xarizmatik lider imici qətiyyən yoxdur. O, bəzən pərakəndə hərəkət edir, ilk baxışdan özgüvənsiz təsir bağışlayır. Amma daha dərin baxanda atdığı siyasi addımlar belə bir fikir yaradır ki, Paşinyan özünü daha çox sadəlövh, inamsız göstərməyə çalışır. Bu davranışların altında özünə zidd fikirlər və ifadələr yatır. Fikir verirsinizsə, Ermənistanda da ona tez-tez öz fikirlərini mütəmadi təkzib etməsi ilə bağlı iradlar tutulur. Mənə elə gəlir ki, Paşinyan hiyləgərdir və sadəcə biclik işlədir. O, jurnalistdir və bədən dili ilə bağlı müxtəlif təlimlərə qatılıb. Sözsüz ki, bədən dili ilə bağlı yetərincə məlumatı var. Bacardığı qədər bədən dili ilə ətrafını aldatmağa çalışır. Paşinyan bic olduğu qədər iradəli birinə bənzəyir. Müharibəni uduzmasına baxmayaraq seçkilər keçirdi və qalib gəldi. Bu seçkilərdə onun uduzub məğlub lider kimi birdəfəlik məhv olub getmə ehtimalı da var idi. Paşinyanın istər siyasi görüşlərdə, istərsə də digər vaxtlarda media qarşısındakı davranışları aldadıcı xarakter daşıyır”. 

Psixoloq həmçinin Paşinyanın olduqca arvadağız və yalançı olduğunu qeyd edib. 

“Ona baxanda məndə belə bir fikir yaranır ki, o arvadağızdır, qeybətçildir və həyat yoldaşının fikrindən asılıdır. Yalan deməyi çox yaxşı bacarır və elə yalan danışır ki, onu sübut etmək olduqca çətindir. Bu əslində erməni siyasətçilərində ənənədir. Paşinyan davranış və danışığı ilə insanları aldatmağı yaxşı bacarır”.