F-16-ların tədarükü gecikə bilər
    • 12-02-2024, 13:17
    • 137

F-16-ların tədarükü gecikə bilər

Türkiyənin ABŞ-dan tələb etdiyi yeni F-16 qırıcılarının tədarükü çoxlu sayda sifariş səbəbindən 2028-ci ilə qədər təxirə salına bilər.

News24.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

“Dünən gecə Türkiyənin ABŞ-dan F-16 təyyarələri alması ilə bağlı ABŞ Konqresinin baxış və etirazları müddəti başa çatıb və saziş Konqres tərəfindən rəsmən təsdiqlənib. Artıq istehsalçı ilə müvafiq qurumlar arasında danışıqlara başlanılacaq. Sifarişlərin çoxluğu səbəbindən yeni təyyarələrin çatdırılması gecikə bilər”, -deyə yazıda bildirilib.

ABŞ Dövlət Departamentinin 23 milyard dollar dəyərində qiymətləndirdiyi böyük satışda növbəti addım istehsalçı Lockheed Martin ilə satış və təchizat danışıqları olacaq.

“40 ədəd Block 70 F-16 qırıcısının çatdırılması ən mühüm satış nöqtəsidir. Konqresin Tədqiqat Xidmətinin ötən ilin sentyabrında dərc etdiyi hesabata görə, Lockheed Martin artıq 140-dan çox sifariş aldığını və aylıq dörd təyyarə istehsal gücünə malik olduğunu bildirib. Hesablamalara görə, Türkiyə ilk yeni F-16 Block 70 təyyarəsini 2028 və ya 2029-cu ildə almalıdır”, - deyə məlumatda qeyd olunur.

Mehriban Mirzəzadə