Tesla-ya böyük ittiham
    • 1-03-2024, 18:59
    • 282

Tesla-ya böyük ittiham

Son günlərin ən çox danışılan şirkətlərindən biri olan "Tesla" bu dəfə irqçilik iddiaları ilə sarsılıb. İddiaya görə, şirkətin bəzi fabriklərində irqçi kimi xarakterizə edilə biləcək davranışlar baş verib.

News24.az xəbər verir ki, Fremont fabrikinin yerləşdiyi Kaliforniya ştatının məhkəməsi belə nəticəyə gəlib ki, şirkət qaradərili işçilərinin hüquqlarının qorunmasına diqqət yetirməyib. Həmçinin, onları ayrı-seçkilik kimi qeyri-münasib davranışlardan qorumayıb. Məhkəmə hakimi Noël Wise hesab edir ki, "Tesla" daxilində irqçilik hadisələri adi hala çevrilib və bu vəziyyətə son qoymağın vaxtı çatıb. 

İrqçi hadisələr ilk dəfə Marcus Vaughn adlı bir işçinin istehsal şöbəsində yaşadığı irqçi hadisələrə görə şirkəti məhkəməyə verməsi ilə ortaya çıxdı. Vaughn iddialarına görə, şirkət işçiləri tez-tez irqçi sözlər işlədirlər və insan resursları bu vəziyyətə səssiz qalır.

Qeyd edək ki, Tesla rəhbərləri bu ittihamları qətiyyətlə rədd etməyə davam edir. İddiaların əsassız olduğunu iddia edən idarəçilər bəraət qazanması üçün sona qədər haqqlarını axtaracaqlarını bildiriblər. CEO Elon Musk-ın mövzu ilə bağlı edəcəyi açıqlama maraqla gözlənilir.

Bildirilir ki, hələ qəti nəticəyə gəlməmiş işdə Tesla təqsirli bilinərsə, Kaliforniya ştatının Fremont fabrikində çalışan təxminən 6 min qaradərili işçi böyük təzminat tələb edə bilər. Son zamanlar oxşar işlərlə tez-tez gündəmə gələn şirkətin yaxın günlərdə bu hadisələrə qarşı hər hansı rəsmi tədbir görüb-görməyəcəyi maraq doğurur.

Günel Məlikzadə