Nazirlikdən şagirdlər arasında baş verən hadisələrə MÜNASİBƏT
    • 6-03-2024, 13:53
    • 158

Nazirlikdən şagirdlər arasında baş verən hadisələrə MÜNASİBƏT

Hər zaman məktəbdə şagirdlər arasında müxtəlif davranış qaydalarının pozulması olub. Bu, normaldır. Amma bunun ictimaiyyətə təqdimat forması bir qədər dəyişib, daha çox qabardılır.

News24.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.

O qeyd edib ki, burada valideyn-məktəb münasibətləri birgə işlənilməlidir.

"Bu vəzifələri tək ümumtəhsil müəssisəsinin üzərinə qoymaq vəziyyəti tənzimləmək mümkün deyil. Burada ailənin də üzərinə kifayət qədər yük düşür. Bu məsələlər bu günün mövzusu deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır. Layihəyə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.

Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.