Rusiyada istilik elektrik stansiyasında partlayış
    • 6-03-2024, 16:51
    • 444

Rusiyada istilik elektrik stansiyasında partlayış

Rusiyanın Tuva Respublikasının Şaqonar şəhərində yerləşən istilik elektrik stansiyasının qazanxanasında yerli vaxtla saat 08.49-da güclü partlayış baş verib.

News24.az xəbər verir ki, partlayış nəticəsində qazanxananın yerləşdiyi binada yanğın baş verib və tüstünün göyə qalxdığı görünüb.

Partlayışdan sonra hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə qrupları göndərilib.

İşçilər qruplar tərəfindən təxliyə edilərkən, qazanxanada sıxışan 4 işçi çətinliklə çıxarılıb.

Təxliyə edilən işçilərdən 15-i bədənlərində yanıq xəsarətləri və dəm qazından zəhərlənərək rayon xəstəxanalarına aparılıb. Partlayış nəticəsində yüngül xəsarət alan 8 işçiyə ambulator müalicə göstərilib.

Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada müalicə altında olan 6 işçinin vəziyyətinin ağır olduğu bildirilib.

İlkin məlumata görə, partlayış elektrik stansiyasının qazanxanasında kömür çənində metan qazının sıxılması nəticəsində baş verib və hadisə ilə bağlı səhlənkarlığın araşdırıldığı bildirilib.

Partlayışdan sonra təxminən 4 min insanın yaşadığı Şaqonar qəsəbəsində 62 mənzil və 216 evdə mərkəzi istilik sistemi sıradan çıxıb.

Günel Məlikzadə