-
- 18-03-2024, 13:54
- 385
Gərginliyi zirvəyə çatdıran Şimali Koreya hərəkəti
Şimali Koreya ardıcıl hərbi təlimlərlə Koreya yarımadası və ətrafında gərginliyi artırmağa davam edir. ABŞ dövlət katibi Antoni Blinkenin Demokratiya Sammitində iştirak etmək üçün Cənubi Koreyaya gəlişindən sonra Şimali Koreya qoşunları növbəti raket sınağı keçirib. Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın Yapon dənizinə doğru 3 ballistik raket atdığı bildirilib. Bildirilib ki, raketlərdən ikisi yerli vaxtla saat 07.44 və 08.21-də atılıb, üçüncü raket isə təxminən 50 kilometr yüksəkliyə qalxaraq 350 kilometr uçub. Açıqlamada qeyd olunub ki, Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşən raketlər heç bir ziyan vurmayıb.
News24.az xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida mövzu ilə bağlı verdiyi açıqlamada Pxenyanın hərəkətlərinin Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin sülh, təhlükəsizliyini təhdid etdiyini bildirib. Şimali Koreyanın raket sınaqlarının qəbuledilməz olduğunu deyən Kişida, "Yaponiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qərarlarını pozan son ballistik raket sınaqlarını şiddətlə qınayır" dedi.
Qeyd edək ki, Cənubi Koreya ordusu da Şimali Koreyanın son raket sınağını təsdiqləyib.
Günel Məlikzadə