İflas olan İbadoğlu planı: Qərbin Azərbaycandakı xəyanətkar şəbəkəsi çökür
    • 22-03-2024, 18:11
    • 263

İflas olan İbadoğlu planı: Qərbin Azərbaycandakı xəyanətkar şəbəkəsi çökür


Piyadalar dəyişir, amma hədəf eynidir. Qərbdən Azərbaycana qarşı həyata keçirilən təzyiq siyasətində növbəti piyada kimi Qubad İbadoğlundan istifadə edilir. Hədəf Azərbaycanı “siyasi məhbusların” olduğu, “insan haqlarının boğulduğu” ölkə kimi göstərmək, beynəlxalq imicinə zərbə vurmaqdır. Və bundan rəsmi Bakıya qarşı təzyiq olaraq istifadə edir, Qərb dairələrinin regionda bu və ya digər maraqlarının təmin edilməsinə çalışırlar. Artıq klassikaya çevrilmiş bu siyasətdə daim kimlərsə alət olaraq istifadə edilir, bu dəfə Qubad İbadoğlu istifadəyə buraxılıb. Onun “vicdan məhbusu” olduğu iddiası Qərb mediasında və bu mediaya təsir edən dairələr tərəfindən “saqqız kimi çeynənir”, hətta Navalnı ilə müqayisəsi aparılaraq, “qəhrəman” düzəltmək cəhdləri də müşahidə edilir.

Məsələnin mahiyyəti isə göründüyü və təqdim edildiyi kimi deyil. Baş verənləri anlamaq üçün hər şeydən öncə bir neçə məqama xüsusi diqqət edilməlidir: Qubad İbadoğlu niyə həbs edilib, onun həbsində siyasi motivlər nə qədər rol oynayır, Qərb niyə onu bu qədər müdafiə edir?

2014-cü ildə Müsavat partiyasından ayrılan Q.İbadoğlu Demokratik və Rifah Partiyasını yaratdı. Onun ətrafında post-Qəmbər dövrünün narazıları birləşsə də, nə elektoratı vardı, nə də siyasi çəkisi heç müxalifət daxili proseslərə belə təsir edəcək qədər deyildi. Cəmi bir il sonra – 2015-ci ildə Q.İbadoğlu xaricə köçdü, Azərbaycanda qısamüddətli səfərlər istisna olmaqla, əsas fəaliyyəti də ölkə sərhədlərindən kənarda idi. Onun siyasi partiya yaratdıqdan sonra xaricə köçməsində şübhəli məqamların olduğu ayrı bir məsələdir, hərçənd, bu detal Q.İbadoğlunun və yaratdığı təşkilatın ölkə siyasətində rolunun sıfıra bərabər olduğunu ortaya çıxarır.

Bu məqamlar Q.İbadoğlunun guya Azərbaycan hakimiyyətinə “təhlükə” yaratdığı üçün həbs edildiyi iddialarını alt-üst edir. Adam nəinki siyasi hakimiyyətə opponentlik etmək gücündə idi, ümumiyyətlə müxalifət düşərgəsində belə ciddiyə alınmırdı. Belə bir şəxs niyə siyasi motivlərlə həbs edilsin?!

Q.İbadoğlunun niyə həbs edildiyi bəllidir: Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxslər ifadələrində onunla əlaqələrini etiraf ediblər və qanuna uyğun olaraq, o da istintaqa cəlb edilib. Ortada istintaq məlum olan konkret faktlar var.

Qubad İbadoğlunun FETÖ ilə əlaqələri haqda faktları açıq mənbələrdən də tapmaq mümkündür. Onun 2015-ci ildə ABŞ-a köçməsindən sonrakı fəaliyyətində yetərincə FETÖ ştrixləri var.

Birinci detal: Q.İbadoğlu ABŞ-da Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləyib. Bu universitetlərin yerləşdiyi bölgələrdə FETÖ-çülər geniş şəbəkəyə və təsir imkanlarına malikdir. Rutqers Universitetinin olduğu Nyu Cersi ştatında FETÖ-nün 6 özəl məktəbi və kursları fəaliyyət göstərir. Şimali Karolina və Dyuk universitetlərinin yerləşdiyi Şimali Karolina ştatı da FETÖ-nün əsas fəaliyyət məkanları sırasındadır. Məlumatlara görə, Q.İbadoğlunun bu universitetlərdə işləməsi üçün lobbiçiliyi FETÖ-çülər edib.

İkinci detal: Q.İbadoğlunun çalışdığı Şimali Karolina Universiteti FETÖ-nün Ankaradakı “Kaan” kod adlı gizli imamının iş yeri olub. Universitetin professorlarından olan Cozef Kuns da ABŞ-da FETÖ-nün əsas tərəfdarlarındandır. C.Kuns 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdindən sonra FETÖ-çülərin müdafiəsi kampaniyasının əsas iştirakçılarından idi.

Üçüncü detal: Q.İbadoğlunun işlədiyi Dyuk Universitetinin professor heyəti arasında FETÖ-çü Abdullah Anteplin də yer alır.

Dördüncü detal: Q. İbadoğlunun fəaliyyət göstərdiyi Rutqers Universitetinin professor heyətinin üzvləri FETÖ-çülərin müdafiəsi məqsədilə beynəlxalq səviyyədə aparılan kampaniyanın əsas iştirakçıları olub.

ABŞ universitetlərndə akademik karyeraya başlamaq heç də asan məsələ deyil və bu məsələdə adətən universitetlərin professor heyətlərinin rəyi həlledici amil daşıyır. Bu detallar fonunda Azərbaycanda FETÖ əməliyyatı zamanı saxlanılan şəxslərin ifadəsi əsasında həbs edilən Q.İbadoğlunun şəbəkə ilə əlaqələri aydın görünür. Bunun üzərinə iki faktı da əlavə etdikdə İbadoğlunun FETÖ-yə bağlılığına şübhə qalmır.

Birincisi, Q.İbadoğlunun ABŞ-da fəaliyyyət göstərdiyi vaxt dəfələrlə Pensilvaniyaya səfər etdiyi, Fətullah Gülənlə gördüşdüyü və təlimatlar aldığına dair məlumatlar var.

İkincisi, Q.İbadoğlunun Azərbaycana qayıtmamışdan öncə sonuncu fəaliyyəti “Azərbaycan Gənclərinin Təhsil Fondu”nu yaratmaq olub. Fondun məqsədinin gənclərin “xaricdə təhsilini maliyyələşdirmək” olduğu bildirilir, lakin sual yaranır: İbadoğlu bu maliyyəni universitet müəllimi kimi aldığı məvaciblə ayıracaq? Xaricdə təhsilin haqqının böyük məbləğlər təşkil etdiyini nəzərə alsaq, bunun mümkün olmadığı bəllidir. Və bu maliyyənin əslində FETÖ tərəfindən təmin edildiyi şübhəsizdir. FETÖ-nün fəaliyyətində şəbəkələşmənin məhz təhsil sektoru üzərindən həyata keçirildiyi faktı da bunu deməyə əsas verir.

Bütün bunlar Q.İbadoğlunun FETÖ ilə dərin əlaqələrə malik olduğunu ispat edir və onun həbsi də nə siyasi motivlər, nə də hansısa “sifariş” yox, məhz bu şəbəkə ilə bağlantısı ilə bağlıdır.

Qərb dairələrinin heç bir siyasi çəkisi olmayan Q.İbadoğlunu müdafiə etməsi, ondan “qəhrəman” düzəltməsinin də arxasında FETÖ, erməni lobbisi və anti-Azərbaycan qüvvələrin birləşdiyi şəbəkənin siyasi məqsədlərinin dayandığı aydındır. Bunu Q.İbadoğlunun Azərbaycana hansı missiya ilə qayıtmasında anlamaq olur. Bu üç qrupun - FETÖ, erməni lobbisi və anti-Azərbaycan qüvvələrin maraqlarının uzlaşdığı və bir çox hallarda birlikdə işlədiyi sirr deyil. 2015-ci ildən sonra ABŞ-da FETÖ şəbəkəsinə qoşulan Q.İbadoğlu da hər üç qrup tərəfindən öz məqsədləri naminə istifadə edib.

- FETÖ İbadoğlundan Azərbaycan siyasətinə sızmaq və siyasi proseslərə təsir etmək üçün istifadə edib;

- Anti-Azərbaycan dairələr İbadoğlundan qrantların ölkəyə daxil edilməsi və onun üzərindən bölüşdürülməsi, eləcə də siyasi müxalifəti koordinasiya etmək, vahid cəbhə yaratmaq üçün istifadə edib;

- Erməni lobbisi İbadoğlundan Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni ictimai rəyə mənfi çalarlarla təqdim etmək, 44 günlük müharibədən sonra isə Qarabağdakı separatçı rejimin qorunması üçün istifadə edib;

Q.İbadoğlunun 44 günlük Vətən müharibəsindən sonra qazanılan Zəfərə kölgə salınması məqsədilə apardığı kampaniya uzaq keçmişdə qalmayıb. O, hətta Laçın yolunda ekofəalların keçirdiyi aksiyaya qarşı çıxır, ermənilərin “Qarabağ blokadaya salınıb” iddialarını Azərbaycan ictimai rəyinə ötürürdü. İbadoğlunun qızı Jalə Bayramova isə erməni rəfiqəsi Lusine Canyanla birlikdə Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi addımlarına qarşı beynəlxalq müstəvidə kampaniya aparmağa cəhdlər edirdi. Q.İbadoğlu da qızının Vətən xainliyini “azad fikirlilik” adı altında müdafiə etməklə məşğul idi. Çünki özü də Azərbaycana qarşı olan eyni şəbəkənin əmrlərini yerinə yetirirdi.

Q.İbadoğlunun həbs edilməsi ilə Azərbaycana qarşı xəyanətkar şəbəkənin qarşısı alınıb. Qərb dairələrini narahat edən də məhz bu amildir. Çünki İbadoğlu üzərindən Azərbaycana qarşı məkrli planlar qurulmuşdu, xüsusilə ərazi bütövlüyümüz və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr ölkə daxilində anti-milli qüvvələri hərəkətə keçirərək, çaxnaşmalar yaratmaq haqda düşünürdü. Lakin bütün planları alt-üst oldu. Q.İbadoğlunu “vicdan məhbusu” kimi təqdim etməklə Azərbaycana qarşı məkrli planlarını gizlətməyə, ictimai rəyi gerçəklərdən yayındırmağa çalışırlar. Lakin Azərbaycan xalqı Q.İbadoğlu da daxil olmaqla Qərbin anti-milli planlarında yer alan xəyanətkarları artıq tanıyır.//publika.az