Terrorçular güllələnsə, terrorçuluq azalarmı? - RƏYLƏR
    • 30-03-2024, 17:38
    • 262

Terrorçular güllələnsə, terrorçuluq azalarmı? - RƏYLƏR

Çingiz Qənizadə: “Baş verənlər, müharibələr onu göstərir ki, gələcəkdə çox ağır cinayətlərin şahidi olacağıq, odur ki...”

Martın 22-də Moskva yaxınlığında azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Holl” komplekstində törədilın terror aktından sonra Rusiyada ölüm hökmünün bərpası tələbləri xeyli artıb. O sırada tanınmış hərbi analitik İqor Korotçenko deyib ki, son müdhiş olay Rusiyada terrorizmə görə edam cəzasına qoyulan moratoriumun götürülməsini zəruri edir. 

Korotçenko qeyd edib ki, bu məsələ müzakirə olunacaq və Rusiya hakimiyyəti belə bir addımın mümkünlüyünü nəzərdən keçirəcək. “Əlbəttə, "Krokus Siti Holl"da törədilən terror aktının rezonansını və miqyasını nəzərə alaraq, terror xarakterli cinayətlərə görə ölüm cəzasına qoyulan moratoriumun ləğvi ilə bağlı sual yaranır. Ən azı, bu qədər insanın ölməsi cəzanın mütənasibliyi məsələsini gündəmə gətirir", - ekspert əlavə edib.

Son məlumata görə, Rusiya Dövlət Duması məsələyə baxmağa hazırlaşır. 

Bəs ölüm hökmünün bərpası üçün hansı hüquqi prosedurlar həyata keçirilməlidir? Bunun üçün Rusiya tam olaraq AŞ PA-dan çıxmalıdırmı? (Ukraynaya təcavüzə görə üzvlüyü dondurulub). 

İkinci yandan, qanunun geriyə qüvvəsi mümkünmü? Yəni tutulan terrorçulara da şamil edilə bilərmi? Nəhayət, ölüm hökmünün tətbiqi terrorçuluqla mübarizədə nə dərəcədə təsirli ola bilər? 

Bu arada Rusiya Dövlət Dumasının bir sıra üzvləri konsert zalının bərpasına qarşı çıxıb və onun yerində kilsənin tikilməsini təklif edirlər. Dumanın mədəniyyət komitəsinin üzvü Yelena Drapeko bu xüsusda bildirib ki,  belə bir yerdə əyləncə obyektinin yaradılması yersiz olardı. O, ərazidə məbəd və ya xatirə meydanı qurmağı  təklif edib.

Dumanın digər deputatı Tatyana Butskaya da eyni fikri ifadə edərək bildirib ki, faciə yerində konsertlər və şoular təşkil etmək mümkün deyil. Deputat konsert zalının əvəzinə faciə qurbanlarının xatirəsinə həsr olunan abidənin yaradılmasını təklif edib.

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Rusiyanın AŞ-dəki fəaliyyəti dondurulub və uzun müddətdir Qərblə, Avropa ilə Rusiya arasında soyuq müharibə gedir: “Bəzən soyuq müharibə sərhədini aşaraq daha qızğın müharibələrin getdiyinin şahidi oluruq. Ukrayna variantında silahların tədarükü, hətta Makron bir az irəli gedərək Ukraynaya NATO qüvvələrini yerləşdirməsi ilə bağlı məsələ gündəmə çıxdı. Artıq soyuq müharibə sərhədlərini aşmış olur. Belə bir məqamda Moskvada "Krokus"da baş verən terror aktı təbii ki, Rusiya hökumətini düşündürür. Əvvəla, hazırda Avropa institutları ilə heç bir əlaqəsi olmayan Rusiya nə üçün öz qanunvericiliyində dəyişikliklər etməsin. Belə hesab edirəm ki, baş verən terror aktından sonra Rusiya bu məsələyə baxa bilər. Amma bunun prosedur qaydaları necədir? İndiki dövrdə RF-də ölüm hökmü moratoriumu qoyulubsa və ölüm hökmü icra olunmursa, “Krokus”da cinayət törədərək həbsdə olan şəxslərə ölüm hökmünün tətbiqi qeyri-mümkün görünür. Çünki ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsi yoxdur. Yəni ömürlük həbs cəzasına nisbətən ölüm hökmünün icrası daha ağırlaşdırıcı haldır. Ona görə də “Krokus Citi”də tutulan və ittiham olunan şəxslərə ölüm hökmünün tətbiqi yolverilməzdir. Amma Rusiya qanunvericilikdə dəyişiklik edəcəksə, bu, bir sıra prosedurlardan keçəcək. Qanunvericilik təşəbbüsü ilə RF-yə müraciət olunacaq. Duma bu məsələləri müzakirə etdikdən sonra RF-nin Cinayət Məcəlləsində preambula hissəsi terrorçuluq olmaqla, onun sanksiya hissəsində əmələ, törədilmiş cinayətə görə cəza hissəsində dəyişiklik edərək ölüm hökmünü bərpa edə biləcək. Ölüm hökmü  əgər bərpa olunacaqsa, qanun qəbul edildikdən sonra törədilən cinayətlərə görə tətbiq ediləcək. Rusiyada qısa zaman kəsiyində buna baxıla bilər. Əslində mənim də yanaşmam belədir ki, AŞ-nin tələbləri ora üzv olan dövlətlər üçün məcburi xarakter daşısa da, bəzən dövlətlərdə elə hadisələr baş verir ki, ölüm hökmünün gündəmə gəlməsi müzakirə predmetinə çevrilir. Bu halda dövlətlər öz qanunvericiliyinə baxmalıdır. Təbii ki, AŞ şərt olaraq bunu qarşıya qoyub ki, üzv olan dövlətlərdə ölüm cəzası tətbiq olunmayacaq". 

Ekspert əlavə edib ki, Rusiyada həbs edilərkən terrorçulara qarşı göstərilən zorakı hərəkətlər Avropa telekanallarında tənqid edilib: “Rusiya hüquq-mühafizə orqanları tənqid olunur ki, terrorçular tutularkən onlara zorakılıq tətbiq edilib. Amma digər tərəfdən 139 nəfərin ölümü, 200 nəfərə yaxın şəxsin yaralanması, sahibkarlara bu qədər zərərin dəyməsini görmədən terrorçuya qarşı hansısa hərəkət Qərbin marağına səbəb olub. Bu da Rusiyaya olan münasibətdən irəli gəlir. Fikrimcə, dünyada baş verən proseslər bəzi dövlətləri, o cümlədən Rusiyanı, hətta Azərbaycanı da öz qanunvericiliyinə yenidən baxmaq təşəbbüsü ilə çıxış etmək hüququnu özündə saxlayar və gələcəkdə bu hallarla biz  çox rastlaşacağıq. Hazırkı dönəmdə dünyada baş verən terrorlar, müharibələr, vətəndaşları qorxuda saxlamaq üçün cinayət meylləri göstərir ki, gələcəkdə çox ciddi cinayətlərin şahidi olacağıq. Azərbaycanda da Lənkəranın icra başçısına qarşı sui-qəsdin hazırlanması, təhlükəsizlik xidmətinin bunun qarşısını alması böyük bir terrorun qarşısını alınması kimi dəyərləndirilməlidir. Bu hadisə təkcə onunla yekunlaşmayacaqdı. Ona görə də ölüm hökmünün bərpasına yenidən baxmağın mümkünlüyünü gündəmə gətirir”.