Norveç silah altındakı əsgərlərinin sayını artıracaq
    • 2-04-2024, 19:15
    • 116

Norveç silah altındakı əsgərlərinin sayını artıracaq

Norveç Müdafiə Naziri Byorn Arild Qram açıqlamasında daha çox peşəkar ordu təcrübəsi olan insanlara ehtiyac olduğunu bildirdi.

News24.az xəbər verir ki, Nazir Qram deyib: "Doğru zamanda lazımi bacarıqlara malik kifayət qədər əsgərimiz olmalıdır".

Hərbi xidmətə giriş səviyyəsinin hər il tədricən artacağını ifadə edən Qram, paytaxt Oslonun şimalında yerləşən Terningmoen şəhərindəki ordu obyektinə yüz milyonlarla dollar sərmayə qoyacaqlarını bildirib.

Norveçin NTB xəbər agentliyi qeyd edib ki, məqsəd hazırda 9 min olan silah altındakı əsgərlərin sayını 2036-cı ildə 13 min 500-ə çatdırmaqdır.

Ölkədə hərbi xidmət icbari olsa da, əsgərlər onlayn qiymətləndirmədən sonra fiziki testlərlə qəbul olunurlar.

Qeyd edək ki, Danimarka da mart ayında ölkədə qadınları məcburi hərbi xidmətə cəlb etməklə və xidmət müddətini 4 aydan 11 aya çatdırmaqla silah altında olan gənclərin sayını artırmaq istədiklərini açıqlamışdı.

Günel Məlikzadə