Fərid Səfərli Ramazan əfvinə düşəcəkmi? - RƏY
    • 2-04-2024, 22:24
    • 381

Fərid Səfərli Ramazan əfvinə düşəcəkmi? - RƏY

Çingiz Qənizadə: “Birmənalı olaraq bunu demək də mümkün deyil, amma...”

İranda qanunsuz həbsdə saxlanılan Fərid Səfərli ilə bağlı hələ ki yenilik yoxdur.  Fəridin Novruz bayramında əfvə düşəcəyi ilə bağlı ümidlər də özünü doğrultmadı. Adətən hər il Ramazan ayının sonunda da İranın dini lideri əfv elan edir. Bəs görəsən, əfv Fəridə də şamil oluna bilərmi? 

İranda həbs olunan Fərid Səfərli ilə bağlı gizlinlər açıldı - Son məhkəmə  prosesi...

 Dilarə Əsgərova 

Anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, Fərid həmişəki kimi çox gərgindir: “Düzünü desəm, artıq əfv, ekstradisiya barədə düşünmürəm. Çünki bir neçə dəfə ümidlənmişəm,  nəticə olmayıb, ümidlərim puça çıxıb. Ona görə artıq bu barədə düşünmürəm. Yalnız Fəridin oradan çıxandan sonra bu yaşadığı psixoloji travmadan necə reabilitasiya oluna biləcəyi haqda planlar qururam”.

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Fərid Səfərlinin həbsi sırf siyasidir: “Əslində Fəridə daha ağır ittihamlar irəli sürülmüşdü. Azərbaycan Prezidentinin tapşırığı ilə Baş Prokurorun İranın müvafiq orqanları ilə görüşü zamanı qaldırdığı məsələlər və bu işin nəzarətdə saxlanılmasından sonra onun maddəsi daha yüngül maddə ilə əvəz edildi. Bütün hallarda ona həbs cəzası verildi. Bu, siyasi bir məsələdir. O baxımdan mən elə hesab edirəm ki, Azərbaycan tərəfi  bu məsələnin həllində maraqlıdır. Bizim bilmədiyimiz danışıqlar da aparılır. Ümid edirəm ki, hazırda İran-Azərbaycan münasibətlərində, İran tərəfdən tam səmimi olmasa da, münasibətlərin yaxşılaşması istiqamətində addımların atıldığını görürük. Çünki bu hadisələrdən sonra həm səfirliyimizə hücum, həm Fəridin həbsindən sonra İran rəsmilərinin Azərbaycana səfəri onu göstərdi ki, İran münasibətləri nisbətən düzəltməyə çalışır. Bunun nə qədər səmimi olduğunu hamımız bilirik. Ola bilər  ki, dini bayram ərəfəsində İranda əfv olunanların sırasında Fərid Səfərli də olsun. Amma birmənalı olaraq bunu demək də mümkün deyil. Fikrimcə, Fəridin həbsdən azad olunması Azərbaycan dövlətinin diqqətindədir, bu istiqamətdə gedən işlər onun tezliklə azad olunmasına gətirib çıxaracaq”.  

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.

Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Daha sonra Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.