"İnsanlar panikaya düşməsinlər, Zəlzələ olacağına dair...
    • 3-04-2024, 22:05
    • 192

"İnsanlar panikaya düşməsinlər, Zəlzələ olacağına dair..."


“Azərbaycan ərazisində elə bir zona yoxdur ki, orada Tailanddakı kimi katastrofik, maqnitudası 7-dən yuxarı zəlzələ olsun. Xırda təkanlar həmişə var. Onların arasında hiss olunanlar da olacaq. Bu, labüddür, olmalıdır, amma qorxulu deyil. Biz buna deyirik ki, seysmiklik fon səviyyəsindədir. Elə gün olmur ki, müxtəlif sayda təkanlar olmasın. Bizdə bu sahədə maariflənmə, demək olar, çox aşağı səviyyədədir. İnsanlar hələ də zəlzələni dərk etmirlər. Allah rəhmət eləsin, Ulu Öndər Heydər Əliyev 2000-ci il zəlzələsidən sonra tapşırıq verdi, 2003-cü ildən rəqəmsal telemetrik seysmik stansiyalar müasir avadanlıqlarla fəaliyyətə başladı. Bu avadanlıqlar vasitəsilə zəlzələ olacağına dair məlumatları emal edib həmin an telefonlara göndərmək olar. O vaxt biz buna razı olmadıq, çünki Bakıdan uzaq rayonlarımızda zəlzələ olsa, gərək, onların da telefonlarına məlumat ötürülsün. Axı yaşlılar, xəstələr var. Sahədən uzaq insanlar təlaşlanacaqlar, aləm bir-birinə dəyəcək...”

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

“İndi “Android”lərə məlumatlar ötürülür. Yavaş-yavaş maariflənmə gedir, demişəm ki, ilkin məlumatları verin. Zəlzələ barədə maariflənmə hər bir ölkədə ön planda durur ki, insanlar panikaya düşməsinlər. Zəlzələ anı biri özünü pəncərədən atır, biri pilləkənlə qaçır, o biri liftə minir... Gərək, belə şeyləri bilsinlər və soyuqqanlılıqla qəbul etsinlər. Yerdaxili baş verən təbii hadisədir, kiminsə əlində deyil ki, zəlzələni dayandıra, ya gücünü azaldıb-çoxalda. Bu gün səhərə yaxın Tailandda baş verən zəlzələdə nə qədər insan tələf olub, dağıntılar da var. Bu cür güclü zəlzələdən sonra avtoşoklar davam edir və enerji boşalması gedənə, fon səviyyəsinə düşənə kimi proses belə də getməlidir. Türkiyədə Kahramanmaraşda baş verən güclü zəlzələdən 1 ildən çox vaxt keçib, amma 100 kilometrdən artıq qırılma boyu gedən proses indiyə kimi hələ də davam edir. Allah uzaq etsin, həmin gücdə deyil, ola da bilməz. Maqnitudaları müxtəlif dərəcədə olan, hiss edilən təkanlardan söhbət gedir. Bu, hələ bir müddət davam etməlidir”.