“Kişinin xəyanət edib-etməməsi xanımından asılıdır”
    • 9-04-2024, 21:20
    • 841

“Kişinin xəyanət edib-etməməsi xanımından asılıdır”

News24.az bildirir ki, "AZXEBER.COM"un "Gəl danış" layihəsinin budəfəki qonağı sevilən musiqiçi, klarnet ustası Hüseyn Məhəmmədoğludur.

 "Musiqi mənimçün müqəddəsdir"

-Salam Hüseyn bəy, necəsiniz?

"Salam. Xoş gəlmisiniz!"

-Bu yaşdan sonra sizi tələbə adını qazanmağa, daha sonra magisrtraturada təhsilinizi davam etdirməyə nə vadar etdi? 

"Əslində ehtiyac çox idi. Amma mən özüm də inana bilməzdim ki, bura daxil olaram və tələbə adını qazanaram. Burada təhsil almaq çox gözəldir. Ona görə də özümlə qürur duyuram. Burada gerçək musiqini tam öyrənə bilirsən. Çünki bu sahənin elə dərinliklər var ki, nə qədər toyda ifa etsən də onları öyrənə bilməzsən. Bura bir ocaqdır, burada böyük sənətkarlar dərs deyir. Elə müəllimlər var ki, onlarla ayaqüstü beş dəqiqə söhbət etmək belə hansısa dərsdə təhsil almağa bərabərdir. Bu hiss insana zövq verir".

-Yetərincə toylarda ifa edirsiniz, tanınırsınız. Təhsilə niyə ehtiyac duydunuz? 

"Təhsilimi əvvəl 1 nömrəli uşaq musiqi məktəbində, daha sonra Asəf Zeynallı adına musiqi kollecində almışam. 17 il sonra isə konservatoriyaya daxil oldum. Bu mənim üçün vacib idi".

-Hazırda şou-biznesdə sizin kimi düşünən musiqiçilər, müğənnilər çox azdır. Hər kəs toy bazarı üçün çalışır. Hətta bu sektorda təhsilsiz müğənnilər də var. Buna münasibətiniz necədir?

"Təhsilsiz, amma səsi Allah vergisi olan sənətkarlarımız var. Bunu da anlamaq olar. Mən musiqiyə çox həssas yanaşıram, ona görə də fərqli düşünürəm. Musiqi mənimçün müqəddəsdir. Özüm düzgün ifa etməliyəm ki, insanların zövqünü korlamayım".

Bir çox müğənni deyir ki, toy da bir məktəbdir. Siz bu haqda nə düşünürsünüz?

"Bəli, toy da məktəbdir. Biz toyda çox şeylər öyrənmişik. Amma məktəb, toyda ifa etmək deyil. Mən hazırda da 40 il öncə atamın ifa etdiyi səs yazılarını tapıram, onları dinləyirəm və öyrənirəm. Onlar həqiqətən də məktəbdir. Amma indiki bəzi toylar məktəb yox, sadəcə biabırçılıqdır. Ora qulaq asıb nəsə öyrənmək qeyri mümkündür".

-Geriyə dönüb baxanda harda peşmanlıq hissi yaşamısınız?

"Peşmançılıqlarım həddindən artıq çoxdur. Bu mənim həyatda ən yaralı yerimdir. Amma demək ki, bunları yaşamalı idim. Həyat məni sınağa çəkirdi. Bütün bunlar mənim imtahanım idi. Mən özümü tanıyıram, bilirəm kiməm, nəçiyəm, nəyə qadirəm. Amma bir müsahibə verirsən, səni tanımayan biri girir ora ağzına gələni yazır. Axı sən bilmirsən nə var, nə yox?".

"Münasibətdən öncə qadının psixoloji durumuna baxmaq lazımdır"

- Cəmiyyətdə bir qisim kişideyir ki, qadınları anlamaq çox çətindir. Bəs sizcə, qadınlar nə istəyir?

"Deməzdim çətindir. Ümumiyyətlə insan həyatındakı qadınla bağlı seçim edəndə ilk olaraq onun psixoloji durumuna baxıb qərar verməlidir. Bu əsas şərtlərdən biridir. O ki qaldı qadın nə istəyir sualına, bunun da cavabı var. Qadın qarşısında düzgün, xəyanətsiz ər istəyir. Hər zaman dostlarıma da bunu deyirəm ki, əgər sizi bir dəfə xəyanət üstündə tutsalar bilin ki, o qadında sevgi öldü. O sadəcə uşaqlarına görə sizin yanınızdadır və siz artıq onun gözündə ən alçaq adam olursunuz. Ona görə də belə şeylər etməyin".

-Həyat yoldaşınıza heç xəyanət etmisiz?

"Mən 4 ildir 2-ci dəfə ailə qurmuşam. Ona xəyanət etməmişəm, etmirəm və heç vaxt da etməyəcəyəm. Sizə onu da deyim ki, bir kişinin xəyanət etməyi, daha çox onun xanımından asılıdır. Əgər xanım həyat yoldaşına dəyər versə, onu qiymətli hiss etdirsə və qarşılığında kişi ona xəyanət etsə, demək o kişi dünyanın ən alçaq insanıdır".

-Qeyd etdiniz ki, ikinci dəfə ailə qurmusunuz. Aysel xanımda sizi bu qədər özünə çəkən nə oldu ki, evləndiniz?

"Mənim kişilərə bir tövsiyyəm var. Çox tez ailə qurmağa çalışmasınlar. Ailənin nə olduğunu dərk edib, ailə dəyərlərini biləndən sonra ailə qursunlar. İnsan həyatda gərək öz yarını tapsın. Onda hər şey daha gözəl olur. Allaha şükür, mən onu gec də olsa tapmışam".

-Hamıya məlumdur ki, həyat yoldaşınız aktrisadır. Ümumiyyətlə, xanımınıza hansı qadağaları qoymusunuz?

"Ona qadağa qoymağıma heç bir ehtiyac yoxdur. Amma öncədən danışmışıq ki, serial təklifi gəlsə, birlikdə ssenariyə baxacağıq, qərar verəcəyik. Sonda imzanı mən atıram (gülür)". 

"Mən qadına paltaryuyan gözü ilə baxmıram"

-Hər evdə olan kişinin özünə xas qayda-qanunu var. Evliliyinizin uzunömürlü olması üçün nə edirsiniz?

"Ailədə tək kişi önəmli deyil, qadına da dəyər vermək lazımdır. O da hansısa kişinin qızıdır. Ən asası insandır. Mən ümumiyyətlə qadına paltaryuyan gözü ilə baxmıram. O dabu həyatı doya-doya yaşamalıdır, həyatdan zövq almalıdır. Elə şeylər var ki, qadına onun üçün mütləq icazə verməlisən. Çox vaxt kişilər qadını çalışmağa qoymur. Mən bununla heç cürə razılaşa bilmirəm. Amma onları qınamıram da, hərənin bir düşüncəsi var. Mən daha geniş fikirləşirəm. Bəlkə anidən öldüm. Mənim uşaqlarıma kim baxacaq? Mənə bir şey olsa, mənim işsiz olan uşaqlarımın anası nə edəcək?".

-Sizcə sevgi yoxsa qürur daha ali varlıqdır?

"Sevgi dəhşət bir şeydir. Sevgi insanı ora-bura çırpır, nə istəyir edir. Sevgi insanı süründürər. İnsanlar görmüşəm ki, sevgi onları məhv eləyib. Amma qürur da insanda vacib şeylərdən biridir. Hər ikisi olmalıdır".

-Hazırda musiqi məktəblərində olan vəziyyət, təhsil səviyyəsi sizi nə dərəcədə qane edir?

"Musiqi məktəblərində indi təhsil çox yaxşıdır. Təsəvvür edin ki, musiqi məktəbinə idman müəllimini rəhbər qoysalar, orada nə keyfiyyət ola bilər? O musiqi üçün hansı islahatları görə bilər? Əfsuslar olsun ki, bu gün belə hallar hələ də var".

"Namiq Qaraçuxurlu və Vüqar Əbdülovdan başqa mahnı oxuyan meyxanaçılar zövqləri korlayır"

-Hazırda televiziyalarda olan bir çox verilişlər qınaq obyektinə çevrilib. Sizin onlara münasibətiniz necədir?

"Münasibətim çox pisdir. Qətiyyən heç bir veriliş məni qane etmir. Hamısı dostlarımızdır, amma adam bilmir nə desin. Onları da anlayıram, özəl kanaldır, sponsor baxımlı verilişə gəlir, maaşları ödəmək lazımdır.Təəssüflər olsun ki, baxılan verilişlərin də hamısı "rakkaçıko" və meyxanadır. Meyxana sənətini çox sevirəm, meyxanaçılara da qeyri adi insan kimi baxıram. Amma haçan ki, mahnı ifa edirlər, onlar da zövq korlayanlardan biri olurlar. Buradaki tək istisna Namiq Qaraçuxurlu və Vüqar Əbdülovdur. Onların ifaları incəsənətimizə tam xidmət edir. Amma qalanları bərbaddır".

-Bu müsahibədən sonra narahat olmursunuz ki, sizi verilişlərə çağırmazlar?

"İndi ən güclü platforma sosial şəbəkələrdir (gülür). Şükürlər olsun ki, televiziyalarımızın rəhbərləri əsl musiqidən anlayan adamlardır. Əgər hansısa aparıcı mənə qadağa qoyacaqsa, qoysun. Bu məni heç narahat eləmir. Mən o aparıcılar kimi aparıcı ola bilərəm, gedərəm 4 il jurnalistikanı da oxuyaram, öyrənərəm. Amma onlar heç vaxt mənim kimi musiqiçi ola bilməzlər".

-Qatıldığı bir verilişdə Elza Seyidcahanın bu cür fikri var idi ki, "Meyxana narkotikanı, pis həyatı təbliğ edir". Bu fikirlə razısınız?

"Ümumiyyətlə bu zamana qədər mənim qarşıma narkotiklə bağlı meyxana çıxmayıb. Meyxana küçə və məhəllə musiqisi olduğu üçün insanlarda elə təəssürat yaradır. Amma özünə hörmət edən meyxanaçılarımız var. Hər birinə sonsuz hörmətim var, amma mahnı ifa etməsələr! Namiq və Vüqarı çıxmaq şərtilə digərləri meyxana ilə məşğul olsalar yaxşıdır".

-Amma onlar da açıq etiraf edir ki, mahnı oxumaqlarına səbəb pula olan ehtiyacdır.

"Görürsünüz, yenə də gəlib çıxırıq pula. Mən heç vaxt pula görə gedib "rakkaçiko" mahnı ifa etmərəm. Həyatda hər şey pul deyil".

-Sizcə, indiki ailələr niyə belə tez dağılır? Boşanmalarda pulun və ya pulsuzluğun nə kimi rolu var?

"İnsan gərək ayağını yorğanına görə uzatsın. Orta əməkhaqqı ilə də dolanmaq olar. Sadəcə olaraq gərək qənaət edəsən, taksiyə minməyəsən, restoranda oturmayasan, bahalı şeylərdən uzaq durasan. Ailələrin dağılmasını isə daha çox sosial şəbəkələr edir. Bütün biabırçılıqlar ondan sonra başladı. Çox şeylər var, sadəcə adam danışmaq istəmir".

-Bəzən deyirlər ki, sadə insanlar müğənnidən, aktyordan, efirdə gördükləri insanlardan örnək götürür və cəmiyyət ona görə pozulur. Bu fikirlə razısınız?

"Bəzi insanlar pərəstişkarlarına oxşamağa çalışır, bu doğrudur. Onun kimi danışır, geyinir, onun kimi hərəkət edir. Ona görə də özümüzə fikir verməliyik ki, gənclərin gələcəyinə pis təsir göstərməyək. Elə gənc klarnet ifaçıları var ki, gedib mənim aldığım geyimdən alıb geyinir".

-Bəzi müğənnilər var ki, peşəkar musiqiçilərə müraciət etmədən özləri mahnı yazır, aranjeman edir və sonra ifa edirlər. Bu nə dərəcədə doğru addımdır?

"Onu deyim ki, professional ifaçı elə professional musiqiçiyə də müraciət edir. Mən hər zaman Röya, Aygün Kazımova kimi sənətkarların layihələrində iştirak etmişəm. Mən getdiyim işlərdən heç pul da almıram. Çünki hər biri sənət dostumuzdur. Amma ifaçıya baxıb, sonra qərar verirəm gedim ya getməyim. Mənim üçün imic hər şeydən önəmlidir. Bu yaxınlarda bir mahnı üçün zəng etdilər, qulaq asdım dedim üzürlü sayın, gələ bilmərəm. O mahnı deyildi, biabırçılıq idi. Məndən incidilər, incisinlər. Çünki sənətim hər şeydən önəmlidir".

-Şou-biznesdə müğənnilər arasında olan konfliktlər, musiqiçilər arasında da olur?

"Musiqiçilər arasında da söz-söhbət olur. Amma onlar efirə çıxmır. Biz yerindəcə həll edirik. Ya zəng edirik, ya da görüşüb yoluna qoyuruq. Belə də olmalıdır. Çünki çıxıb efirdə danışırlar, sonra da kənarda öpüşüb görüşürlər".

-Bəs şou-biznesdə dost anlayışı var?

"Əlbəttə var. Ümumiyyətlə həqiqi dost insanın həyatında çox azdır. Kim desə ki 20 nəfər dostum var o yanılır. Bunu insan həyatda çətinliyə düşəndən sonra bilir. Və ya həyatda olmayanda. Onda görəsən o dost dediklərimiz gəlib qapımızı döyüb uşağımıza 1 kilo alma alıb verəcək ki, alın yeyin. İnanmıram".

-Bu dostluğu meyxanaçılar arasında görmək mümkündür. Məsələn, həmkarları Rəşad Dağlının ailəsinə çox dəstək olurlar.

"Bəli! Çünki onlarda kişilik var, dostluq var. Mən bu şeylərin hər birini atam dünyasını dəyişəndə yaşamışam. Bütün ətrafında özünə dost deyənlər itib batdı, qaldı 2-3 nəfər. Onların da mənə olan münasibətinə şahid olmuşam. Həqiqətən də anlamışam ki, insanın dostu az olur və onu qazanmaq çox çətindir".

- Sizin dəstək olduğunuz gənc ifaçılar var?

"Bəli, var. Çalışıram onlara doğru yolu göstərim. Həm ifaçılıq, həm tərbiyyə baxımından. İstəmirəm pis yola düşsünlər. Pis vərdişlərdən uzaq olmaq lazımdır. Bəzən deyirlər ki, filankəs narkomandır, xəstədir. Mən bu sözü qəbul edə bilmirəm. O xəstəlik deyil, seçimdir. Zəif insanı yoldan çıxardırlar, amma gərək insanın öz ağlı olsun. Həyatda olmazlar var onlara riayət etmək lazımdır".

-Yeni konsert planlarınız nədir?

"Gələn ilə Heydər Əliyev sarayında konsert vermək arzumdur. Mən bunu həyata keçirtsəm, Azərbaycanda sarayda konsert verən ilk klarnet ifaçısı olacağam. İnşallah ki, olar. Çünki özümdən başqa bunu edəcək kimisə görmürəm".

-Bir çox müğənniləri müşayiət etmisiniz. Kiminlə işləmək sizin üçün asan və ya çətin olub?

"Elton Hüseynəliyevlə işləmək mənim üçün həm asan idi, həm də çətin. Asan idi ona görə ki professional idi və məndən qabaq anlayırdı ki, nə ifa etmək lazımdır. Çətin tərəfi isə xarakterində problemlərin olmasıydı. İndi gənc müğənni Sadiq Məmmədovla çalışıram və hər şey əladır. Təbii ki, Abbas, Zamiq, Ayaz oturuşmuş, samballı, ağsaqqal ifaçılardır. Dostlarımdır, qüsursuzdurlar. Gənclərdən də Sadiq və Nəsimi çox istedadlıdırlar. Tamaşaçılara demək istəyirəm ki, qətiyyən sosial şəbəkələrdə gördükləri yalançı reklamlara inanmasınlar. Altı saat canlı toy oxumaq hər müğənninin işi deyil".

-Trendlər, baxış sayları ən aktual müzakirə mövzularıdır. Bu haqda nə deyə bilərsiniz?

"Musiqiçi kimi deyə bilərəm ki, trenddəki mahnılar o yerlərə laiq deyillər. Röyanı və bir neçə yaxşı ifaçını çıxmaqla deyə bilərəm ki, heç biri o yerlərə laiq deyillər. O mahnıları oxumaq ayıbdır. Kimsə məni qınasa da deyəcəyəm, biabırçılıqdır. Bütün musiqiçilər də bunu bilir sadəcə mən dilə gətirirəm".

-Nədənsə hər kəs bu fikirləri deməkdən çəkinir.

"Mənim heç bir müğənninin şəxsiyyətinə toxunmağa ixtiyarım yoxdur. Hamısına insan kimi hörmətlə yanaşıram. Amma söz ifaçılıqdan düşəndə fikirlərimi deyirəm".

 -Bayağı dediyiniz müğənni ilə bir səhnəni bölüşərsiniz?

"Olub ki, məcburiyyət qarşısında bölüşmüşəm. Mən toyda ifa etmişəm, o da gəlib. Məcbur müşaiyət etmişəm. O dünyanı görüb qayıtmışam. Allah onları hidayət eləsin, başqa nə deyim. Onların tezliklə unudulub gedəcəyinədə inanmıram. Artıq 5-6 ildir sənətdə olanlar var. Nə vaxtsa unudulacaqlar, amma hələ yox".

-Son olaraq, sizin kimi gec də olsa təhsil almaq istəyən gənclərə nə məsləhət verərsiz?

"Ümumiyyətlə təhsil almaq gözəldir, düzgün musiqi ifa etmək ondan da gözəldir. Əgər bu sahədə çalışacaqsansa, qoy nə vaxtsa sənə sənətkar sözü deyilsin. Dünyaca məşhur ərəb klarnet ifaçısı var. Mənim vağzalı ifama rəy yazıb ki, "Sən yenə məni ağlatdın, ustad". O çox böyük ifaçıdır və mənim üçün nə xoş ki, mənə belə insanlar dəyər verir. Və əsas məqam da odur ki, dünyanın öndə gələn klarnet ifaçıları artıq məni tanıyırlar. Bu mənim üçün böyük bir şeydir və bu uğuru mən özüm qazanmışam".

-Biz də sizə işlərinizdə uğurlar arzu edirik.

"Təşəkkür edirəm".