Tikinti bazarında son durum - Qiymət artacaq?
    • 21-05-2024, 19:55
    • 23

Tikinti bazarında son durum - Qiymət artacaq?

İnşaat bazarında alıcı qıtlığı yaşanır. Qiymətlərin aşağı olması isə vəziyyətə təsir etmir. Maraqlıdır, yay mövsümünün başlanğıcındakı bu durğunluq hansı nəticələrə səbəb olacaq? 

News24.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Yeni Sabah"a tikinti materiallarına olan tələbatın azalmasının səbəblərini açıqlayıb. Bildirib ki, çoxmənzilli binalarda mülki tikintinin həcmi son 1-2 il ərzində azalıb, bu ilk növbədə tikintilərə verilən sərəncam və icazə sənədlərinin azalması ilə bağlıdır: 

"İnşaat malları bazarında həm tikinti, həm də təmir materialları mövcuddur. Onların çeşidləri həddən artıq çoxdur. Bazarda kifayət qədər bu sahə üzrə fəaliyyət göstərən şirkətlər və dükanlar mövcuddur. Demək olar ki, bu miqdar tələbatı da üstələyir. Ölkənin istənilən yerində bu üzrə xidmət var. Onların arasında rəqabət həddən artıq çoxdur. Əslində, rəqabətin yüksək olması bir çox inşaat, təmir materiallarının və xidmətlərin labüd qiymətdə qalmasına səbəb olur. Bir sıra materiallar isə xaricdən gətirildiyi üçün müxtəlif ölkələrdəki qiymət dəyişiklikləri ölkədaxili bazarlara da təsir edir. Yəni, tədarükçü şirkət tərəfindən neçəyə başa gəlirsə, bizim ölkəyə də həmin qiymətə çatdırılır". 

Ekspert qeyd edib ki, bazarda bu kimi materialların alınmasının daşınmaz əmlak qiymətlərinə də təsiri var:

"2023-cü ilin dekabrın sonuna kimi qiymət artımı müşahidə olunurdu. Sonra banklar resurslarını istifadə edib bitirdilər, beləcə ipotekaların verilməsi dayandı. Həmin andan etibarən də, ölkə ərazisindəki qiymət artımı da 3 ildir  dayanıb. Tələbat yüksək olan tək-tək bəzi seqmentlərdə, daşınmaz əmlakın həcmi az olan yerlərdə, fevral ayından ipotekanın yenilənməsi ilə qiymətlərin aşağı düşməsi müşahidə olundu. Müxtəlif iş adamları, ev tikintisi aparılan şəxslər, işbazlar tərəfindən həcm azaldı. 2023-cü ilin oktyabrında sənədsiz tikililərlə bağlı verilən qərar da bu sahəyə öz mənfi təsirini göstərdi. 

Nəticə etibarilə, sənədi qaydasında olan ev və torpaq sahələrində qiymət artımı tələbatdan asılı olaraq davam edəcək. Digər təyinatlı, sənədi düzgün olmayan torpaqların qiymətləri isə tədricən aşağı düşəcək. Həmçinin, hazırda yeni inşa olunan binalara tək-tək sərəncamların verilməsi də başlanılıb. Ancaq hansı istiqamətdə dəyişikliklər olacağı ilə bağlı yekun fikir bildirmək hələki mümkün deyil. Onu zaman göstərəcək. 

Qiymətlərin ucuzlaşması hər kəs üçün yaxşıdır. Bu mal və məhsulların əlçatanlığını təmin edir. 2020-ci ilin ikinci yarısında inşaat materiallarının kəskin bahalaşması, ələxsus, armaturun qiymətindəki artım nəticəsində bu bahalıq başladı. Oxşar vəziyyət 2006-cı ildə də yaşanmışdı. Armaturun qiymətinin bahalaşmamasının səbəbi isə rəqabətin az olmasıdır".