-
- 29-05-2024, 10:42
- 252
Şimali Koreya Cənubi Koreyaya şarlarla zibil göndərdi
Şimali Koreya Cənubi Koreyanın iki sərhəd şəhərinə təbliğat vərəqələri və zibil daşıyan 90 şar göndərib. Səlahiyyətlilər, şarların içərisində "çirkli tullantı və zibil" olduğu üçün əhaliyə evdə qalmaq və diqqətli olmaq barədə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Şimali və Cənubi Koreya 1950-ci ildəki Koreya müharibəsindən bəri təbliğat üçün şarlardan istifadə edir.
Qeyd edək ki, bu hadisə Şimali Koreyanın cənubdakı fəallar tərəfindən sərhəd bölgələrinə tez-tez "vərəqələr və zibillər" göndərməsinə qarşı qisas alacağını elan etməsindən bir neçə gün sonra baş verib.
Şimali Koreyanın müdafiə nazirinin müavini Kim Kanq İl öz çıxışında (26 may) deyib: "Zibil və çirkab yığınları tezliklə sərhəd bölgələrinə, Cənubi Koreyanın daxili ərazilərinə səpələnəcək. Onların aradan qaldırılması üçün nə qədər səy göstərilməli olduğuna dair birbaşa təcrübə olacaq".
Mayın 28-də axşam saatlarında isə Seulun şimalında və sərhəd bölgələrində sakinlər səlahiyyətlilərdən "açıq hava fəaliyyətlərindən uzaq durmaq" üçün mətn mesajı alıblar. Onlardan "naməlum obyekt" gördükləri halda yaxınlıqdakı hərbi bazaya və ya polisə xəbər vermələri xahiş olunub.
Sosial şəbəkələrdə paylaşılan fotolarda ağ şəffaf şarlara iplə bağlanmış tualet kağızı, torpaq və batareyalar olan paketlər görünür. Cənubi Koreyanın Yonhap xəbər agentliyi yazıb ki, düşən balonların bəzilərində “nəcis” də olub. Cənubi Koreya ordusu bu hərəkətin "beynəlxalq hüququn açıq şəkildə pozulması" olduğunu bildirib və bunu pisləyib.
Günel Məlikzadə