ABŞ və Almanya razılaşdı, Rusiya vurulacaq: Putin nüvə silahını HAZIRLAYIR
    • 3-06-2024, 13:06
    • 464

ABŞ və Almanya razılaşdı, Rusiya vurulacaq: Putin nüvə silahını HAZIRLAYIR

Rusiya Xarici İşlər Nazirliyi ötən ay bəyan edib ki, Ukrayna Britaniya silahları ilə Rusiya ərazisinə hücum edərsə, Ukrayna hüdudlarından kənarda Britaniya hərbi elementləri vurula bilər. Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Reuters agentliyinə müsahibəsində “Ukraynanın Britaniya silahları ilə Rusiya ərazisindəki hədəflərə hücum etmək hüququ var” açıqlamasını verib.

Bu səbəbdən bəyanatda Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysinin nazirliyə çağırılaraq etiraz notası verildiyi qeyd edilib. Yaxın günlərdə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilindən bildirilib ki, artıq ABŞ və Böyük Britaniya Ukraynanın özünümüdafiə üçün birbaşa Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsinin əleyhinə deyil.

İndiyədək Ukraynanın Qərbin verdiyi silahlarla Rusiya ərazisinə hücumuna qarşı çıxan ABŞ prezidenti Co Baydenə təzyiqlər artıb. Amerikanın bəzi müttəfiqləri ardıcıl olaraq Rusiya ərazisinə hücum etməmək tələbinin qaldırılmasını dəstəkləyəcəklərini bəyan ediblər.

Almaniya onun Ukraynaya verdiyi silahlardan Rusiya ərazisindəki hərbi hədəflərin vurulması üzərindəki qadağanı qaldırıb. Bu barədə mayın 31-də Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebeşrayt məlumat verib. Nümayəndənin sözlərinə görə Berlinin mövqeyindəki bu dəyişiklik Rusiyanın bir neçə həftə bundan əvvəl Ukraynanın Xarkov vilayətində başladığı hücum əməliyyatlarıdır. Hebeşrayt vurğulayıb ki, beynəlxalq hüquqa görə Ukrayna özünü bu hücumlardan müdafiə etmək haqqına malikdir.

Almaniya kansleri Olaf Şolts bundan əvvəl dəfələrlə bəyan etmişdi ki, Almaniya silahlarından bilavasitə Rusiya ərazisinə zərbələr endirilməyəcəyinə dair Ukrayna ilə razılaşma mövcuddur. Almaniya – ABŞ, Fransa və Britaniyadan fərqli olaraq Ukraynaya Rusiya ərazisinin dərinliklərini vura biləcək raketlər verməyib. 

Bəs, maraqlıdır, artan təzyiqlər nəticəsində ABŞ və Almanya Ukraynanın müdafiəsi üçün Rusiya ərazisindəki hərbi bazalara zərbələr endirə bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ və Almanyanın Rusiyaya hücumu real görünmür:

“Faktiki olaraq Qərbin əsas gücü təpliğat hücumundadır. Onlar maksimum dərəcədə çalışırlar ki, Rusiya ilə Ukrayna arasında gedən bu savaşı uzatsınlar. Çünki burada bir çox məsələlər həllini tapmalıdır. İlk növbədə ABŞ-da keçiriləcək seçkilərdən danışırlar, amma daha vacib məsələ burada ondan ibarətdir ki, pərdəarxası dünyanın bölünmə məsələsi gündəmə gəlir. Həmin qlobal qüvvələr maksimum 12-15 makro regionun yaranmasını özləri üçün məqbul sayırlar. Burda əsas məqsəd Rusiyanı maksimum dərəcədə zəiflətməkdir ki, Rusiyanın iddiaları çox böyük olmasın”. 

ABŞ vaxtaşırı bu məsələyə yaxınlaşır ki, sülh olsun, amma Britaniya qəti istəmir ki, sülh imzalansın. Britaniyanın planı ondan ibarətdir ki, nə qədər imkan varsa, müharibə davam etsin: “Bu yaxınlarda Valdimir Putin bildirdi ki, taktiki nüvə silahını nəzərdən keçirmək yox, hazırlamaq lazımdır. Bu Qərbi çox qorxutdu. Bəli! Bu daha çox psixoloji effekt yaratamaqdan ibarətdir. Məqsəd də budur. Amma əslində onlar özü çox qorxurlar. Buna görə də Putin onların psixoloji hücumlarına özünəməxsus şəkildə cavab verdi”.

Tofiq Abbasovun sözlərinə görə, Putinin çıxışlarından bu nəticəyə gəlmək olar ki, artıq nüvə silahından istifadə mifik yox, real bir məsələdir. İstənilən məqamda bu baş verə bilər.


Aqil Qarayev