Blinken: İsrail mülki itkiləri azaltmalıdır
    • 11-06-2024, 17:58
    • 159

Blinken: İsrail mülki itkiləri azaltmalıdır

İordaniyada Qəzzaya humanitar yardım konfransı keçirilib.

News24.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken “Hərəkətə çağırış: Qəzzaya təcili humanitar müdaxilə” adlı konfransda iştirak etmək üçün İordaniyaya gedib.

Blinken burada Fələstin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken bugünkü görüşdə Mustafaya islahat açıqlamasını alqışladığını bildirib.

"Dövlət katibi Blinken Fələstin Administrasiyasının islahat elanlarını alqışlayıb. Baş nazir Mustafa ilə İordan çayının qərb sahilində və Qəzzada fələstinlilərin tələblərinin həyata keçirilməsi, bu islahatların tam, ardıcıl şəkildə həyata keçirilməsi zərurətini müzakirə edib", - bəyanatda deyilir.

Bildirilib ki, Blinken ABŞ-ın təhlükəsizlik zəmanəti ilə müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyini də təsdiqləyib.

Digər tərəfdən, Blinken Fələstin vətəndaşları üçün təxminən 400 milyon avroluq humanitar yardımın ediləcəyini açıqlayıb.

İsrailin humanitar yardımların Qəzzaya daxil olması üçün mühüm addımlar atdığını müdafiə edən Blinken, "Ancaq daha çox şey edə bilər və etməlidir" deyib.

Amerikalı nazir əlavə edib ki, İsrail dinc əhali arasında itkiləri azaltmaq üçün daha çox addımlar atmalıdır.

Günel Məlikzadə