Kreml: “Narahat olmağa ehtiyac yoxdur”
    • 13-06-2024, 17:23
    • 167

Kreml: “Narahat olmağa ehtiyac yoxdur”

Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada, ABŞ da daxil olmaqla heç bir ölkənin Kubada təlim keçirən Rusiya hərbi gəmilərindən narahat olması üçün heç bir səbəb olmadığını bildirib.

News24.az xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin freqatı və nüvə sualtı qayığı çərşənbə günü Havana limanına yanaşıb.

ABŞ və Kubanın təhdid yaratmadığını bildirdiyi bu səfər, Ukrayna müharibəsi səbəbiylə gərginliyin artması ilə Rusiya tərəfindən güc nümayişi kimi qiymətləndirilib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan Rusiyanın Kubaya hər hansı raket ötürdüyünə dair heç bir sübut olmadığını, lakin ABŞ-ın sayıq qalacağını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Vaşinqtonda Rusiyanın Kubaya hərbi personal göndərə biləcəyi qorxusu ilə bağlı iddia edilən gərginliklə bağlı suala cavab olaraq, bu cür təlimlərin normal bir təcrübə olduğunu deyib.

Peskov jurnalistlərə açıqlamasında "Bu, bütün dövlətlər, o cümlədən Rusiya kimi böyük dəniz dövləti üçün normal praktikadır. Ona görə də bu vəziyyətdə narahat olmağa heç bir əsas görmürük" deyib.

“Admiral Qorşkov” freqatı və nüvə enerjisi ilə işləyən “Kazan” sualtı qayığı çərşənbə günü Atlantik okeanında “yüksək dəqiqlikli raket silahları” təlimi keçdikdən sonra Kubaya yola düşüb.

Kuba Xarici İşlər Nazirliyi gəmilərin nüvə silahı daşımadığını bildirsə də, bu iddia ABŞ rəsmiləri tərəfindən təkrarlanıb.

Günel Məlikzadə