Əmlak bazarında qiymətlər DƏYİŞƏCƏK? - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!
    • 5-07-2024, 12:00
    • 448

Əmlak bazarında qiymətlər DƏYİŞƏCƏK? - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

"Dizel və nəqliyyat xidmətlərində qiymət artımının daşınmaz əmlak bazarına təsirini hələ ki hiss etmirik".

Bu sözləri News24.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert il ərzində baş verəcək artımlardan da danışıb:

"Gələcəkdə, müəyyən müddətdən sonra ola bilər ki, artımların hər hansısa bir təsiri olsun. Amma əmlak bazarı elədir ki, bahalaşma dərhal təsiri hiss olunmur, yəni dərhal baş vermir. Ola bilər ki, biz bu bahalaşmanı ilin sonuna doğru görək, çünki keçən il daşınmaz əmlak bazarında 30%-dək artımın şahidi olduq. Hazırda isə yay dövrüdür və yayda qiymətlərdə bahalaşma elə də müşahidə olunmur. Qiymətlərdə əsasən stabillik hökm sürür . Hazırda da biz onu müşahidə edirik . Lakin qiymətlərdə ilin sonuna doğru artım ola bilər.  Hər il 10%-dək artım təbiidir, həm də inflyasiya göstəriciləri ilə eyni gedir. Amma yüksək sıçrayışlı artım keçən il olduğu üçün bu il olacağını düşünmürəm", - deyə Ramil Qasımzadə qeyd edib.

Əlavə olaraq ekspert ipoteka kreditləri və onlarda olan artım haqqında da məlumat verib:

"Təbii ki, ipoteka kreditləri açılan vaxt xüsusilə də Leninqrad və 1970-ci ildən sonra tikilən binalarda müəyyən qədər artım olur. Bu da təbiidir, çünki həmin vaxt o evlərə tələb yüksəlir. Amma hazırda  həmin evlərdə də qiymətlər stabildir. Yəqin ki, bu il böyük bir bahalaşmaya şahid olmayacağıq . Çünki 1 otaqlılar təxminən 100 min, 2 otaqlılar 130 min, 3 otaqlılar 160-180 mindən başlayaraq satışa təqdim olunur. Bu səbəbdən hesab edirəm ki, qiymətlər artsa, həmin evləri ipoteka hesabına almaq mümkün olmayacaqdır", - deyərək Ramil Qasımzadə fikrini yekunlaşdırıb.

Məryəm İlhamqızı