HƏMAS: Danışıqlar başlanğıc nöqtəsinə qayıda bilər
    • 9-07-2024, 09:08
    • 151

HƏMAS: Danışıqlar başlanğıc nöqtəsinə qayıda bilər

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə vasitəçilərə xəbərdarlıq edib ki, İsrail ordusunun Qəzza, Rəfah və digər bölgələrdə gərginliyi artırması atəşkəs razılaşması üçün danışıqlar prosesini başlanğıc nöqtəyə qaytaracaq.

HƏMAS-dan verilən açıqlamaya görə, İsrail ordusunun Qəzzada törətdiyi “geniş qırğın” və “məcburi köçkün” davam edərkən Haniyə vasitəçilərlə təcili təmaslar aparıb.

News24.az xəbər verir ki, danışıqlar zamanı Haniyə Qəzza, Rəfah və digər şəhərlərdə baş verənlərin fəlakətli nəticələri barədə xəbərdarlıq edib.

Danışıqlar prosesinin uğursuzluğuna görə məsuliyyətin tamamilə İsrailin baş naziri Benyamin Netanyahu və ordusunda olduğunu vurğulayan Haniyə Qəzza, Rəfah və digər yerlərdə baş verənlərin danışıqlar prosesini başlanğıc nöqtəsinə qaytaracağı ilə bağlı xəbərdarlıq edib.

İsrail ordusunun Qəzza şəhər mərkəzinin cənub-qərbində gün ərzində həyata keçirdiyi hücumda onlarla insan həyatını itirib. Çox sayda insan yaralanıb, minlərlə fələstinli isə didərgin düşüb.

Bundan əlavə, İsrail əsgərləri Qəzza zolağının müxtəlif hissələrinə, xüsusən də cənubdakı Rəfah şəhərinə havadan və qurudan hücumlarını davam etdirir.

Qeyd edək ki, yaxın günlərdə Misir və Qətərin vasitəçiliyi ilə Təl-Əviv və HƏMAS arasında yenidən əsir mübadiləsi və atəşkəsin yaradılması üçün dolayı danışıqların aparılacağı gözlənilir.

Eyni zamanda, İsrailin Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet (Şabak) direktoru Ronen Barın başçılıq etdiyi İsrail danışıqlar heyəti, əsirlərin mübadiləsi və Rəfah Sərhəd Qapısının idarə olunması ilə bağlı danışıqlarda iştirak etmək üçün dünən Misirə gedib.

Həmçinin bildirilib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı danışıqların yeni raundu başlamazdan əvvəl Misirə çatıb.

HƏMAS isə İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün razılığa gəlməkdə müsbət və çevik mövqe nümayiş etdirdiklərini, İsrailin baş naziri Binyamin Netanyahu isə danışıqlara maneələri artırdığını bildirib.

Günel Məlikzadə