“Çox adam mənə deyir ki, səndən yaxşı deputat olar”
    • 9-07-2024, 22:22
    • 252

“Çox adam mənə deyir ki, səndən yaxşı deputat olar”

Azərbaycan Respublikası növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana növbəti seçkilər keçiriləcək. 

Maraqlıdır ki, budəfəki seçkilərdə hansı sənət adamları iştirak edəcək.

News24.az xəbər verir ki, Modern.az bir sıra sənət adamı arasında sorğu keçirib.

Xalq artisti Niyaməddin Musayev seçkilərdə iştirakı ilə bağlı bunları deyib:

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində namizədliyimi irəli sürməyəcəm. Amma hər kəs gedib parlament seçkilərində səs verməlidir. Mən də gedib səsvermədə layiqli namizədə səs verəcəm". 

Xalq artisti Mənsum İbrahimov da seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib: 

"Çünki mənim öz sahəmdə, yəni muğam aləmində görəcəyim işlər həddindən artıqdır. Milli Konservatoriyada Muğam kafedrasının müdiriyəm. İş həddindən artıq çoxdur. Düşünürəm ki, mədəniyyət sahəsində daha faydalı ola bilərəm. Namizədliyini verən hər kəsə uğurlar arzulayıram. İnanıram ki, xalq da öz layiqli namizədini seçəcək". 

Əməkdar artist, aktrisa Mehriban Xanlarova söyləyib ki, çoxları onun deputat olmasını istəyir: 

"Mən namizədliyimi irəli sürməyəcəm. Çox insanlar mənə deyiblər ki, səndən yaxşı deputat olar. Bəzi məsələlər var ki, mən axıra qədər gedirəm. Haqq uğrunda iş görməyi sevirəm. Qorxuram qabağımı kəsələr. 200 dərəcə dönən deputatın olmağındansa, olmamağı yaxşıdır. Prezidentimiz cənab İlham Əliyev deyir ki, "məmurlar xalqın xidmətçisi olmalıdır". Atatürkün yaxşı bir kəlamı var. O deyir ki, "hamınız millət vəkili ola bilərsiniz, amma hamınız sənətkar ola bilməzsiniz. Təəssüf ki, Əməkdar artist kimi xalqın problemlərinin həllinə bəzi deputatlardan daha çox töhfə verə bilirik". 

"İndi yenə də bəziləri qapı-qapı düşüb müəyyən vədlər verib səs istəyəcək, seçildikdən sonra isə sözlərinin arxasında dayanmayacaqlar. Bu, təbii ki, hamıya aid deyil. Amma beləsi deputat olacağına, istəmirəm, olmasın", - Əməkdar artist vurğulayıb.