-
- 12-07-2024, 15:12
- 371
Kosmosun "əsiri"nə çevrilən astronavtlardan xəbər var
Beynəlxalq Kosmik Stansiyada (BKS) “Boeing”in “Starliner” gəmisində planlaşdırılmamış və müvəqqəti qalan astronavtlar tezliklə Yerə qayıdacaqlarını bildiriblər.
Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, ABŞ-nin “Boeing” aviasiya şirkətinin “Starliner” gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilən astronavtlar texniki problemlər səbəbindən həftələrdir ki, Yerə qayıtmağı gözləyirlər. Kosmosda qapalı şəraitdə qalan astronavtlar Sunita Vilyams və Buç Vilmor bununla bağlı verdiyi açıqlamada yorucu sınaqları tamamlandıqdan sonra geri qayıtmağı planlaşdırdıqlarını bildiriblər.
Astronavtlar orbitdə planlaşdırılandan əlavə vaxt keçirməkdən şikayətlənmədiklərini və stansiyadakı komandaya kömək etməkdən zövq aldıqlarını da söyləyiblər.
Kosmik stansiyada elmi araşdırmalar və təmir işləri apardıqlarını deyən Vilyams bildirib ki, "Kosmik gəminin heç bir problem olmadan bizi evimizə qaytaracağına inanıram”.
O, həmçinin qeyd edib ki, yenidən orbitdə olmaq əla bir hissdir.
“Burada özümüzü evdəki kimi hiss edirik. Mən şikayət etmirəm, elə Buç da... Daha bir neçə həftə burada qalacayıq", - kosomonavt deyib.
Qeyd edək ki, bir müddət öncə kosmosa uçan "Starliner" astronavtları stansiyaya çatdırsa da ciddi texniki problemlə üzləşib. Gəmi "doking" modulundan ayrıla bilmir. Onun Yerə qaytarılması üçün istifadə edilən hərəkət sistemində beş fərqli sızma aşkar edilib.