Microsoft fələstinlilərin hesabını BLOKLADI
    • 15-07-2024, 12:48
    • 150

Microsoft fələstinlilərin hesabını BLOKLADI

Xarici ölkələrdə yaşayan və İsrail hücumu altındakı Qəzzadakı qohumları ilə əlaqə yaratmaq istəyən fələstinlilər Microsoft hesablarından istifadə edə bilmədiklərini bildirib.

News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanında yaşayan Eiad Hametto Böyük Britaniyanın ictimai yayımı BBC-yə belə deyib:

"Onlayn həyatımı öldürdülər. 20 ilə yaxındır istifadə etdiyim e-poçt hesabımı dayandırdılar. Bütün işlərim bu hesabdan asılı idi".

Hametto həmçinin Skype-dan istifadə edə bilmədiyi üçün Qəzzadakı ailəsindən xəbərsiz qaldığını bildirib.

İsrailin bombardmanları və quru əməliyyatları səbəbindən Qəzzada internet tez-tez kəsilir. Standart beynəlxalq zənglər də çox bahadır.

Ödənişli Skype abunələri vasitəsilə internet kəsildikdə belə Qəzzada insanlara ucuz zəng etmək mümkündür. Buna görə də proqram bir çox fələstinli üçün həyati önəm kəsb edir.

BBC-yə danışan xaricdə yaşayan bəzi fələstinlilər hesablarının HƏMAS ilə əlaqədə şübhəli bilindiyi üçün bağlandığını iddia ediblər.

Qeyd edək ki, firma HƏMAS ilə şübhəli əlaqələrə görə hesabların bağlanıb-bağlanmaması ilə bağlı suala birbaşa cavab verməyib.

Məryəm İlhamqızı