Sərnişini təyyarədən düşürdülər, yerini NAZİRƏ VERDİLƏR
    • Bu gün, 12:17
    • 134

Sərnişini təyyarədən düşürdülər, yerini NAZİRƏ VERDİLƏR

Efiopiya Hava Yolları nazirə yer açmaq üçün sərnişini uçuşdan uzaqlaşdırıb. 

News24.az xəbər verir ki, bu barədə “The Indian Express” yazıb.

Hadisə iyulun 19-da təyyarə Əddis-Əbəbədən Nayrobiyə qalxmazdan əvvəl baş verib. 

Bu vəziyyət həddən artıq bron edilmə səbəbindən yaranıb və uçuşa az qalmış hava limanına gələn ekonom sinifdən olan üç sərnişin bu reyslə uça bilməyib.

“Efiopiya Hava Yolları mənim uçuşumda bir sərnişini qovdu, çünki onun yerinə bir nazir gəldi. Onlar üzr istəmədilər və zorla yeri boşaltdılar. Nazir heç nə etmədi. Utanc vericidir”, - təyyarədə olan CNN jurnalisti Larri Madou daha sonra sosial şəbəkələrdə yazıb.

O, baş verənləri videoya çəkib və bu videoda əsəbiləşən sərnişinin ədalət tələb edərək stüardessalarla necə mübahisə etməsi əks olunub. Efiopiyalı məmur nə baş verdiyini izləyib, lakin müdaxilə etməyib.

Video yayıldıqdan və sosial media istifadəçiləri Efiopiya Hava Yollarını tənqid etdikdən sonra aviaşirkət nazirin başqa sərnişinin oturacağına əyləşməsi ilə bağlı insidentin anlaşılmazlıq olduğunu və “biznes sinfində VİP sərnişinin olmasının oturacaqların təşkilinə təsir etmədiyini” bildirib.

"Yayımlanan video hadisələrin əsl ardıcıllığını əks etdirmir", - deyə Efiopiya Hava Yolları qeyd edib.

Məryəm İlhamqızı