Kevin Medina: “Bu mübarizə xeyrimizə bitəcək”
    • Bu gün, 16:38
    • 78

Kevin Medina: “Bu mübarizə xeyrimizə bitəcək”

“Linkoln"la cavab matçına da qələbə qazanmaq üçün çıxacağıq”.

News24.az bildirir ki, bunu İdman.biz-ə “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"la cavab matçını şərh edib. 30 yaşlı kolumbiyalı müdafiəçi bildirib ki, Bakıdakı oyun onlar üçün böyük əhəmiyyət kəsb edir: “İlk qarşılaşmada qələbə qazansaq da, yenə sonadək oynayacağıq. Ümid edirəm ki, bu mübarizə xeyrimizə bitəcək. Rəqib barədə isə yalnız bu matçdan sonra geniş danışmaq olar”.

Ötən gün Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda keçirilən “Zirə” - "Dunayska Streda" (4:0) matçını stadiondan izləyən Medina görüşün maraqlı alındığını deyib: “Bakıda Avropa miqyaslı qarşılaşma keçirilirdi. Buna görə də diqqətimizi cəlb etdi və gedib oyuna baxdıq. Başqa komandanın çıxışı barədə fikir bildirmək düzgün deyil. Ona görə də "Zirə"nin oyunu ilə bağlı şərh verə bilmərəm”.

Qeyd edək ki, ilk oyunda 2:0 hesabı ilə qalib gələn Azərbaycan klubu Cəbəllütariq təmsilçisi ilə ikinci matçını iyulun 30-da keçirəcək.