İsveçdə cinayətkarlığın yeni metodu - narkotiklərin poçtla göndərilməsi
    • Dünən, 21:33
    • 51

İsveçdə cinayətkarlığın yeni metodu - narkotiklərin poçtla göndərilməsi

İsveç polis idarəsi və “Postnord” operatoru 2023-cü ilin sonundan bəri ölkənin poçt sistemində mütəşəkkil narkotik alveri ilə sistemli mübarizə aparır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, polisin hesablamalarına görə, İsveç ərazisində 150 mərkəz var ki, onlardan 50-si Stokholmdadır və bu məkanlarda narkotiklər qablaşdırılaraq bütün ölkə üzrə alıcılara göndərilir.

Hər gün poçt terminalının işçiləri şübhəli bağlamaları çeşidləyir. Yayın əvvəlinə qədər 17 000 narkotik paketi aşkar edilib və 1200 isveçli şübhəli narkotik alıcısı kimi müəyyən olunub.

Poçt qutularında şübhəli nümunələrə nəzarətin təkmilləşdirilməsi polisə imkan verib ki, narkotik göndərənləri vaxtında aşkar etsin.

Stokholmun polis müfəttişi Mats Baakki deyir: “Cinayətkar qruplaşmanın lideri İsmayıl Abdonun bazarın əhəmiyyətli bir hissəsinə sahib olduğuna dair əsaslı şübhələr var”.

Hüquq-mühafizə orqanları, həmçinin 100 kiloqrama yaxın narkotik maddə, habelə möhür, ünvan stikerləri və zərflərin olduğu icarəyə götürülmüş məkanları da müəyyən ediblər.

Polis müfəttişinin sözlərinə görə, təhqiqat qablaşdırma mərkəzlərinin necə çevik hərəkət etdiyini göstərir. Belə ki, qablaşdırma ilə məşğul olan şəxslər iyerarxiyanın ən aşağısında yer alır və cüzi məbləğ üçün işləyirlər, əməliyyat menecerləri isə qaranlıq internetdə bazar açır və qablaşdırma mərkəzini narkotik həblər, habelə ünvanların siyahısı ilə təmin edirlər.

İsveçin Cinayətlərin Qarşısının Alınması Şurasının 2021-ci ildə dərc etdirdiyi hesabatda qeyd edilir ki, onlayn narkotik satışı ümumi bazarın təxminən onda birini təşkil edir və kəskin artım tendensiyasına malikdir. Polis onlayn ticarətin hazırda 67 milyon dollar dəyərində olduğunu təxmin edir.

Höteborq şəhərinin polis müfəttişi Yohan Ekström bildirib: “Görülən tədbirlərdən sonra sutkada yüzə yaxın qeyri-qanuni təchizat hadisəsini həftədə 5-10 hala endirdik”.