Müharibə başlayır?
    • 19-08-2024, 20:44
    • 273

Müharibə başlayır?

Ermənistan silahlı qüvvələri son günlər yenidən təxribatlara əl atır. Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılmasından sonra atəşkəsin Naxçıvan istiqamətindən pozulması intensiv hal alıb. Həmçinin Ermənistanın xarici qüvvələr tərəfindən silahlandırılması yeni təxribatların olacağı ehtimalını artırır.

Maraqlıdır, sülhün əldə edilməsinə yaxınlaşdığımız bir zamanda akəşkəsin davamlı pozulması nə vəd edir?

News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Şair Ramaldanov Ermənistanda hələ də mövcud reallıqla barışmaq istəməyən qüvvələrin olduğunu deyib:

“Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın regionda sülhün bərqərar edilməsi cəhdlərini düzgün qiymətləndirmir və təhlükəsizliyini sual altına qoyur. Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılması fonunda onların bu sazişdən qaçdığının da şahidi oluruq. Şərti sərhəddə atəşkəs pozulur və bu, intensiv hal alıb. Belə olan halda sual yaranır: qarşıdurma kimə lazımdır? Cavab birmənalıdır, bugünkü reallıqla barışmaq istəməyən qüvvələrə və onların havadarlarına. Azərbaycan regionda sülh istəyir. Ermənistanın isə təxribatların miqyasını genişləndirməsi, onların sözügedən məsələdə maraqlı olmadığının göstəricisidir. Baxın, ermənilər havadarlarının təzyiqi altında hərəkət edirlər. Çünki müstəqil qərar vermək iqtidarında deyillər”.

Ekspert Ermənistandakı mövcud iqtisadi vəziyyət fonunda onların milyardlarla dollar həcmində silah əldə etməsini sülhdən yayınmaq cəhdi kimi qiymətləndirib:

“Avropa Sülh Fondu silahlanma məqəsdilə Ermənistana milyonlarla dollarlıq yardım ayırır. Bunlar da sərhəddə təxribatların artacağına ehtimal verir. Lakin Azərbaycan bütün bu təxribatlara ciddi cavab verəcək. ABŞ və Fransa kimi ölkələr regionda sülh istəmir. Onlara qarşıdurma lazımdır. Açığı, həmin ölkələrin əsas hədəfi Azərbaycan deyil. Məqsədləri Rusiyanı bölgədən çıxarmaqdır. Buna görə də qısa müddət ərzində ermənilər təxinən 1 milyard dollar dəyərində silah əldə ediblər. Onların iqtisadi-sosial durumları yaxşı deyil. Havadarları Ermənistanı sülhdən yayındırır. Regionda Rusiya, ABŞ, İran kimi ölkələrin maraqlarının toqquşması ciddi nəticələrlə yekunlaşa bilər”.

Ş.Ramaldanov Azərbaycanın bufer zona yarada biləcəyini də vurğulayıb:

“Düşünürəm ki, COP29 ərəfəsində şərti sərhəddə atəşkəs pozulacaq. Müdafiə Nazirliyi qarşı tərəfə ciddi xəbərdalıq edib. Təxribatlar fonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qəti addımların atılacağı birmənalıdır. Ölkəmizin komandanlığı sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanın dərinliklərinə qədər irəliləyə və beynəxalq praktikaya istinad edərək bufer zona yarada bilər”.