İran
    • 19-08-2024, 23:40
    • 151

İran "İsraili cəzalandırmaq" hüququndan istifadə edəcək

İran davam edən atəşkəs danışıqları və İsrailə qarşı mümkün cavab tədbirləri ilə bağlı açıqlamalar verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani nazirlikdə keçirilən həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional hadisələri dəyərləndirib.

Kenani bildirib ki, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə hücum qərarının Qəzzada mümkün atəşkəslə heç bir əlaqəsi yoxdur.

O, bildirib ki, İran regionda gərginliyi artırmaq niyyətində deyil, lazımi vaxtda "İsraili cəzalandırmaq" hüququndan istifadə edəcək.

Qətərin paytaxtı Dohada keçirilən Qəzzada atəşkəs danışıqlarını dəstəklədiklərini ifadə edən Kenani, "İran atəşkəsə nail olmaq və fələstinlilərə qarşı hücumları dayandırmaq üçün göstərilən səyləri alqışlayır" dedi.

ABŞ-ı atəşkəs danışıqlarında düzgün və yaxşı niyyətli vasitəçi kimi qəbul etmədiklərini bildirən Kenani, Amerikanın müharibənin tərəfi olduğunu və atəşkəsdə maraqlı olmadığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İsrailin Qəzzada törətdiyi müharibə və soyqırım cinayətlərini dayandırmaq imkanı olsa da, bunu etməyib.

Günel Məlikzadə