Bakılı Putinin şəhərini "ələ keçirir"
    • Dünən, 22:16
    • 222

Bakılı Putinin şəhərini "ələ keçirir"


Sankt-Peterburqda keçirilən qubernator seçkisində “Vahid Rusiya” partiyasından namizədliyi irəli sürülmüş hazırkı bakılı qubernator Aleksandr Beqlovun qalib gəlmək şansı çoxdur.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, Beqlovdan başqa, şəhər seçki komissiyası daha üç namizədi qeydə alıb: Sergey Malinkoviç (Rusiya kommunistləri), Maksim Yakovlev (LDPR) və Pavel Braqin (“Yaşıllar”).

Sentyabrın 6-8-də Rusiyanın bəzi vilayətlərində (o cümlədən, Kurskda) keçirilən seçkilərdə yerli bələdiyyə şuraları da formalaşır. Sankt-Peterburqun hazırkı qubernatoru Aleksandr Beqlov sentyabrın 8-də Vasileostrovski rayonundakı 153 saylı seçki məntəqəsində səs verib.

Sankt-Peterburqun Admiralteyski rayonunda 9, 15, 18, 24, 36, 37 və digər seçki məntəqələrində seçki komissiyalarının üzvləri, həmçinin seçkilərdə işləyən polis əməkdaşları və Rusiya Qvardiyasının əməkdaşları zəhərlənib. Onlar hazır yeməklərdən zəhərləniblər. Məlumata görə, insanlar eyni simptomlardan - qarın ağrısı, qusma və digər zəhərlənmə əlamətlərindən şikayət ediblər. İki nəfər Botkin xəstəxanasına aparılıb.

Komissiya üzvlərini və digərlərini yeməklə təmin edən şirkət onların qidalarının kəskin zəhərlənməyə səbəb olduğunu təsdiqləməyib. Həmçinin rayonun rəhbəri Sergey Overçuk zəhərlənmə ilə bağlı suala cavab verməyib.

Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək beş meri olub: Anatoli Sobçak (1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən). Bildirilir ki, Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Hətta Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin səs vermişdi.

Qubernatorun idarəçiliyindən narazılıq qeyd edildiyi kimi, çoxdan var, amma sakinlərin səbrinin son damlası Beqlovun MDB ölkələrinin assambleyasında Ukrayna bayrağı fonunda çıxışı olmuşdu. Amma Prezident Putin onu vaxtından əvvəl istefaya göndərmədi. Bütün bunlar sentyabr seçkilərinin Sankt-Peterburq qubernatoru üçün asan keçməyəcəyi barədə iddiaları artırsa da, gözlənilir ki, bakılı qubernator daha beş il vəzifəsində qalacaq.

Azərbaycanda bir neçə dəfə səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov ailədə səkkizinci uşaq olub.