Dünyanın ilk bütöv GÖZ ƏMƏLİYYATI
    • 10-09-2024, 17:35
    • 369

Dünyanın ilk bütöv GÖZ ƏMƏLİYYATI

ABŞ-ın Nyu-York Universitetinin tədqiqatçıları keçən il bütöv bir göz və sol üz transplantasiyası əməliyyatı keçirmiş Aaron Ceymsin əməliyyatdan sonrakı vəziyyətini araşdırıblar.

News24.az xəbər verir ki, Ceymsin sağalma prosesində "ciddi irəliləyiş" müşahidə etdiklərini vurğulayan tədqiqatçılar transplantasiyadan bir ildən çox müddət sonra gözün normal qan axını saxladığını və ölçüsünü qoruduğunu bildiriblər.

Tədqiqatçılar transplantasiya edilmiş gözün işığa bir qədər reaksiya verə bildiyini, lakin xəstənin göz səthinin hələ də hissiz olduğunu və göz qapaqlarının açılmadığını qeyd ediblər.

Tədqiqatçılar, görmə qabiliyyətinin zamanla bərpa olunacağına ümid etdiklərini ifadə ediblər.

47 yaşlı Ceymsin normal həyatına döndüyünü deyən tədqiqatçılar, Ceymsin artıq bərk qidalar və qoxuları qəbul edə bildiyini də qeyd ediblər.

Araşdırma "The Journal of the American Medical Association" (JAMA) jurnalında dərc olunub.

Qeyd edək ki, Ceyms 2021-ci ildə iş yerində baş verən qəza nəticəsində 7200 volt elektrik cərəyanı vuraraq üzünün bir hissəsini və gözünü itirib.

27 may 2023-cü il tarixində həyata keçirilən 21 saatlıq əməliyyatda gözün sinirlərinin bərpasını gücləndirmək üçün ilk dəfə olaraq donor iliyindən götürülmüş yetkin kök hüceyrələr xəstəyə vurulub, həmçinin göz transplantasiyası həyata keçirilib.

Bütün göz və sol üz transplantasiyasından sonra Ceyms dünyada bütün göz transplantasiyası alan ilk xəstə kimi tarixə düşüb.

Məryəm İlhamqızı