Kişi xəyanət etmiş arvadıyla gecə belə davrandı:
    • Dünən, 21:25
    • 349

Kişi xəyanət etmiş arvadıyla gecə belə davrandı: "Əyil, qulağına söz deyəcəm..."

Cəlilabad rayonunda 1996-cı il təvəllüdlü Səxavət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 2001-ci il təvəllüdlü həyat yoldaşı Cəmiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

News24.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, Səxavət 15 oktyabr 2022-ci ildə arvadı Cəmilənin iki azyaşlı övladları ilə birgə kirayədə yaşadığı Bakı şəhərində Elçinlə sevgi münasibətləri qurduğuna əmin olub. Mübahisələrdən sonra arvadı ondan ayrılaraq övladları ilə birgə Cəlilabad rayonunun kəndinə atası evinə qayıdıb.

Səxavət arvadına yaranmış qısqanclıq hislərinin təsirindən onu öldürmək qərarına gəlib.

Oktyabrın 20-də Cəlilabad şəhərində təsərrüfat malları satılan mağazadan 8 manata balta alıb, oktyabrın 21-də, gecə saat 3 radələrində arvadı və onun ailə üzvlərinin yaşadığı evin həyətinə daxil olub.

Əlində olan baltanı arvadının görərəcəyindən ehtiyatlanaraq onu evin divarına söykədikdən sonra ev sahiblərini səsləyib. Arvadı evin pəncərəsinə yaxınlaşdıqda baltanı götürərək qadının yaxasından yapışıb, baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə vurub.

Cəmilənin kömək çağırışlarına gəlmiş anasına məhəl qoymayan Səxavət əməlini davam etdirib. Anası qızının bədənindən tutaraq pəncərədən kənarlaşdırıb və bu səbəbdən digər zərbələrin qarşısını ala bilib.

Xəstəxanaya çatdırılan Cəmilənin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Səxavətin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Arvadım iş axtardı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səxavət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ilin təxminən avqust ayında atası, anası, bacısı, qardaşı arvadı, öz arvadı və övladları ilə birlikdə Bakı şəhərinə işləmək üçün gediblər:

“Ailəmlə birlikdə Hövsan qəsəbəsində kirayə tutduğum evdə yaşadıq. Həmin vaxtdan hadisə baş verən günə qədər Qaraçuxur qəsəbəsində lavaş sexində fəhlə işləyərək ailəmin maddi gəlirlərini təmin etmişəm. Atam və bacım isə Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən şirniyyat sexlərinin birində işləyirdilər.

Bir müddət sonra arvadım da evin maddi vəziyyətinə kömək üçün işləmək qərarına gəldi və bir neçə gün iş yeri axtardı. Nəhayət, Əhmədli qəsəbəsində yerləşən qab-qacaq satılan mağazada satıcı işləməyə başladı”.

“Avtobusda tanış olduqlarını dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 15-də saat 19 radələrində mobil telefonunun enerjisi bitdiyindən arvadının telefonunu götürüb: “Arvadımın istifadə etdiyi votsapa tanımadığım şəxsin nömrəsindən “Nəyə görə mənimlə soyuq danışırsan?” mətnli ismarış gəldiyini gördüm. Məsələni aydınlaşdırmaq üçün arvadımı çağırdım. Mobil telefon nömrəsinin sahibinin kim olduğu və nəyə görə ona bu məzmunda ismarışlar yazdığını soruşdüm.

Arvadım nömrəni tanımadığını və nəyə görə ona ismarış yazdığını bilmədiyi dedi. Bu sözlərə inanmadım və həmin nömrəyə zəng etdim. Adının Elçin olduğunu bildirən şəxs zəngə cavab verdi. Ondan arvadımın mobil telefon nömrəsini hardan bildiyini və nəyə görə ona ismarış yazdığını soruşdum. O da Hövsan qəsəbəsində yaşadığını, arvadımla avtobusda tanış olduğunu, buna görə ismarışlar yazdığını dedi.

Elçin mənim kim olduğumu və nəyə görə onu sorğu-sual etdiyimi soruşdu. Cavabda Cəmilənin əri olduğumu, yazdığı ismarışı gördüyümü, onun kimliyini müəyyən etmək üçün zəng vurduğumu bildirdim. Elçin dedi ki, arvadım onunla tanış olanda özünü subay kimi təqdim edib”.

“Xəyanət etdiyini yəqin etdim”

Səxavətin sözlərinə görə, artıq arvadının ona xəyanət etdiyini başa düşərək telefonu qapayıb və arvadı ilə mübahisə edib: “Anam məni sakitləşdirməyə çalışdı. Bir neçə dəqiqə sonra anam, arvadım və övladlarım evdən getdilər. Mən evdə tək qaldım.

Bir neçə saat sonra anam geri qayıdaraq arvadım və iki övladımı atamla qayınatamın yaşadığı Cəlilabad rayonunun kəndinə yola saldığını dedi. Mən günlərlə fikirləşərək arvadımın tanımadığım Elçin adlı şəxslə sevgi münasibətləri yaşadığı və mənə xəyanət etdiyini yəqin etdim. Sonra qisas almaq məqsədilə onu öldürmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 20-də saat 16 radələrində Bakı şəhərindən Cəlilabad şəhərinə gedib: “Cəlilabad şəhərində təsərrüfat malları satan mağazaların birindən 8 manata kiçik ölçülü balta aldım. Bir neçə saat Cəlilabad şəhərində gəzərək və çayxanada çay içməklə vaxt keçirdim ki, Cəmilənin yaşadığı evə gecə yarısı gedim.

Ona görə gecə vaxtını seçdim ki, həmin vaxt ailə üzvləri yatılı olsun, Cəmiləni çağıraraq onu maneə olmadan öldürə bilim”.

“Dedim, əyil, qulağına söz deyəcəm...”

Səxavət bildirib ki, oktyabrın 21-də gecə saat 3 radələrində arvadının ailə üzvləri ilə birlikdə yaşadığı kəndə gəlib, onların həyətinə daxil olub: “Əlimdəki baltanı evin divarına söykədim. Daha sonra baltanı gizlətdim ki, Cəmilə görüb qaçar, onu öldürə bilmərəm. Arvadımı səsləyəndə qayınanam evin həyətinə doğru açılan pəncərəyə çıxdı, ona arvadımla danışmaq istədiyimi dedim.

Qayınanam arvadımı çağırdı, özü isə geri qayıtdı. Cəmilə pəncərədə dayanaraq nə istədiyimi soruşdu. Qulağına söz demək istədiyimi bildirdim, pəncərədən aşağıya doğru əyilməyini istədim.

Arvadım pəncərədən mənə doğru əyilən zaman sağ əlimlə yerə qoyduğum baltanı götürdüm, sol əlimlə arvadımın yaxasından tutdum. Onu özümə tərəf dartdım ki, balta ilə zərbələr endirə bilim. Balta ilə arvadımın baş və boyun nahiyələrinə bir neçə zərbə endirdim. Baltanın ona dəydiyini başa düşdüm.

Zərbələr endirən zaman arvadım geriyə doğru dartılaraq qışqırdı. Qayınanam arvadının belindən tutdu, onu otağın içərisinə doğru çəkdi. Daha zərbələr vura bilmədiyimi gördüm və əlimdəki baltanı arvadımın kürək nahiyəsinə doğru tuşlayaraq atdıqdan sonra həyətdən getdim.

Cəlilabad şəhərində taksiyə əyləşərək Bakı şəhərinə qayıtdım”.

“Şəkilimi ona atdım ki...”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Cəmilənin sözlərinə görə, 2022-ci ilin avqust ayında onlar Bakı şəhərinə köçüb orada yaşayıblar: “Ailəyə kömək etmək üçün mən də mağazada işlədim. Mağazadan gec çıxdığıma görə qayınatam işləməyimə razı olmadı. Sonra ərim də işdən çıxaraq evdə oturdu. Ona görə tanışım Vüsalə adlı qızla danışaraq işləmək istədiyimi dedim.

Vüsalə Elçinin nömrəsini mənə verdi və ona işçi lazım olduğunu bildirdi. Elçinlə danışanda mənə görüşməyi təklif etdi. Ona şəklimi atdım ki, məni tanısın. Sonra da onunla görüşdüm. Elçin mənə telefon dükanında satıcı işi təklif etdi. Bir qədər orada işlədim, lakin həmin işi bacarmadım. Ona görə işdən çıxdım və ərim Səxavətə zəng edərək işimin alınmadığını bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 15-də saat 19 radələrində evdə olarkən əri onun telefonunu götürərək baxıb və ona yazan şəxsin kim olduğunu soruşub: “Mən də onun işlə bağlı yazdığını dedim. Buna görə Səxavət məni döydü, anası olmasaydı məni öldürəcəkdi.

Həmin gün qayınanam məni rayona, atamın evinə yola saldı. Orada atam məni qarşılayaraq evə apardı”.

“Bir gün idi tanış olmuşduq”

Cəmilənin sözlərinə görə, oktyabrın 17-də saat 19:00-da əri Səxavət onların yaşadığı evin həyətinə gəlib və onları səsləyib: “Atam evdən çıxaraq nə məsələ olduğunu soruşdu. Ərim səhv etdiyini dedi, mənimlə barışmaq istədiyini bildirdi. Atam ona veriləsi qızının olmadığını bildirdi və həyəti tərk etməsini dedi.

Oktyabrın 21-də gecə saat 3 radələrində anam həyətdə səs-küy gəldiyini bildirdi, pəncərədən çölə baxdı. Səxavətin həyətdə olduğunu görüb ondan nəyə görə gecə vaxtı həyətə gəldiyini soruşdu. O da mənimlə işinin olduğunu dedi.

Ərimlə danışmaq istəmədiyimi desəm də, bir kəlmə söz deyib gedəcəyini bildirdiyi üçün anam ona qulaq asmağımı istədi. Mən başımı pəncərədən çölə çıxarıb ondan nə məsələ olduğunu soruşdum. Səxavət qulağıma söz deyəcəyini, başımı aşağı salmağımı istədi.

Mən başımı aşağı salanda Səxavət yaxamdan tutaraq məni özünə tərəf çəkdi, əlində olan balta ilə baş və boyun nahiyələrimə bir neçə zərbə endirdi. Qışqırdığım üçün anam paltarımdan tutdu, məni evə tərəf çəkdi. Səxavət əlində olan baltanı mənə tərəf atdı, zərbə kürəyimdən dəydi. Hay-küyə atam yuxudan oyandı və məni Cəlilabad rayon mərkəzi xəstəxanasına apardılar. Orada mənə tibbi yardım göstərildi. Mən Səxavətlə barışmamışam, heç bir vaxt barışmayacam”.

İş üzrə şahid qismində ifadə verən Elçinin sözlərinə görə, Cəmilə ilə 14 oktyabr 2022-ci ildə Hövsan qəsəbəsində marşrut avtobusunda tanış olublar: “Cəmilə ilə söhbət zamanı evli olub boşandığını, iki azyaşlı övladı ilə Hövsan qəsəbəsində yaşadığını dedi. Telefon nömrəsini mənə, mən də öz telefon nömrəmi ona verdim. Bundan sonra biz telefonda danışdıq.

Cəmilə mənimlə soyuq davrandığından ona “nəyə görə mənimlə soyuq danışırsan” məzmunlu mesaj göndərdim. Daha sonra Səxavət mənə zəng edərək arvadı Cəmiləyə mesaj yazmağımın səbəbini soruşdu və mənimlə görüşərək baş verənləri aydınlaşdırmaq istədiyini bildirdi.

Lakin mən Cəmilə ilə 1 gündü tanış olduğumu, tanış olan zaman ona ərindən boşandığını, görüşməyin mənasız olduğunu dedim. Bundan təxminən 10 gün sonra Cəmilənin atası zəng etdi və Səxavətin Cəmiləni balta ilə vurduğunu dedi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Səxavət 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.