“Kişi olmasa, qadın heç kimdir, lazımsızdır” -  Qalmaqallı sözlər
    • 8-10-2024, 17:23
    • 563

“Kişi olmasa, qadın heç kimdir, lazımsızdır” - Qalmaqallı sözlər

Müasir dövrdə yaşasaq da, müəyyən məqamlar var ki, keçmişdəkindən daha zərərli formada özünü büruzə verir. Bunlardan biri də qadın düşmənliyidir. Sözügedən problem özünü təkcə kişilərin qadınlara olan münasibətində yox, qadınların öz həmcinsləri tərəfindən də təklənməsi, haqsızlığa uğraması kimi məqamlarda büruzə verir. 

Bəs bununla necə mübarizə aparmaq olar? 

Psixoloq İlhamə Mustafayeva məsələnin psixoloji səbəblərini “Yeni Sabah”a belə açıqlayıb:  vakansiyalar

“Təəssüflər olsun ki, bu gün müasir cəmiyyətimizdə mizogeniya - qadına qarşı olmaq, onun əleyhinə olmaq, şiddət, düşmənçilik və təzyiqlər hələ də var. Bu şiddət bütün növləri ilə, fiziki, psixoloji, sosial və iqtisadi cəhətdən özünü bu və ya digər şəkildə göstərməkdədir. Bunun əsas səbəbi kollektiv şüuraltı ilə əlaqədardır. Lap əvvəllərdən qadına qarşı hörmətsiz münasibət olub, qız uşağının dünyaya gəlməsi əvvəlcədən xoşagəlməz hal hesab olunub, ona ailənin nə vaxtsa evi tərk edib getməli olan, artıq üzvü kimi baxılıb. Bu yanaşma nəsillərdən nəslə keçib, bu gün də öz “məhsulunu” hansısa ailələrdə hələ də verir. Qadına kişinin qulluğunda durub, ona qayğı göstərən, əyləndirən varlıq kimi baxılıb. Qadın yaradıcı varlıqdır. O, dünyaya uşaq gətirir, onu 9 ay bətnində inkişaf etdirir, sonra onu böyüdür, məişəti öz çiyinlərinə götürür və s. və bu da kişinin konfort zonasını yaratdı və əvvəlcədən kişinin dəyəri o qədər yüksək qiymətləndirilib ki, sanki bunlar qadının borcudur, o, belə də olmalıdı və üstəlik də bu qədər zaman və enerji sərf etdiyi işlərin əvəzində qiymətləndirilməməlidir. Beləliklə, qadın dəyərli və hörmətli olmaq üçün başqa sahələrdə öz fəaliyyətini göstərməyə, özünü qorumağa, uşaqlarının qarnını doyuzdurmağa başladı. Bu da kişilərin qəzəbinə səbəb oldu. Qadın da kişi kimi evə qazanc gətirməyə başladı, cəmiyyətdə dəyər və sosial statusa sahib oldu. O, artıq kişinin əşyası olmaq funksiyasından çıxdı və bərabər hüqüqlara sahib olmaq istədi və bundan hiddətlənən kişilər qadına qarşı çıxmağa, ona şiddət göstərməyə, hətta öldürməyə əl atdılar. Çünki onların kollektiv şüuraltısı qadın mənə tabe olmalıdır deyir. Qadının isə özünün dəyərli və hörmətli olmasını hissetmə tələbatı yarandı. Ona görə ki, cəmiyyət onun qadın kimi etdiklərinə dəyər vermədi, üstəlik aşağıladı. Bu da kişi və qadın müharibəsinə zəmin yaratdı. Digər səbəb isə qadına qarşı güvənsizlikdir. Çünki cəmiyyət həmişə kişiyə etibar edib onun idarəçiliyi altında olmaq istəyib. Məhz bu səbəblərdən dolayı kişi qadını alçaltmağa başladı”. 

Psixoloq qadınların bir-birinə qarşı mənfi münasibətindən də söz açıb:

“Bəs qadın niyə qadına düşməndir? Bu inanca dayanan bir məsələdir. Qadından qadına dost olmaz inancı o qədər qəlibləşib ki, qadın bu baxış bucağından çıxıb başqa şeyləri görə bilməyib. Bu, yanaşma da kişinin dəyərinin yüksək tutulması ilə bağlı olub. Qadın yalnız ərə gedərsə, yanında kişi olarsa xoşbəxt olar. O, təkdirsə, yiyəsizdir psixologiyası var. Məhz bu səbəbdən də qadın qadına həmişə rəqib kimi baxıb. Şüuraltı olaraq o, həmişə kişini  itirmə qorxusu yaşayıb. Kişim ona baxar, ona gedər, ona maraqlı olar, ərimi əlimdən alar və s. qorxular qadının bütün psixikasını darmadağın edib, O, öz dəyərini və hörmətini yalnız yanında kişi olanda hiss edir. Başqa cür heç kimdir, lazımsızdır. 

Bütün bunların səbəbi özgüvən və özünü qiymətləndirmənin aşağı olması ilə bağlıdır. Bu problemin  həlli özünə dəyər verməkdən və özünü adekvat qiymətləndirmədən başlayır. Özünü bir şəxsiyyət kimi görmək və kişidən asılı olmayaraq öz dəyərini hiss etmək yetərlidir. Özünə icazə verməyən və icazə verilməyən qadın başqa qadında nə isə görəndə ona qarşı gəlir, tənqid edir və s. lakin çözüm bu deyil. Çözüm özünün psixoloji asılılıqlarından azad olaraq, sağlam psixikalı şəxsiyyətə qovuşmaqdır”.