Xarici turistlər niyə rayonlara az gedirlər?
    • 29-10-2024, 22:07
    • 236

Xarici turistlər niyə rayonlara az gedirlər?

"Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir".

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov sosial media hesabında bildirib.

"Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 19-u Bakıdan kənara, rayonlara gedir. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4.7 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, turistlərin 4.3 faizi Qusarda, 3.7 faizi Naftalanda, 3.5 faizi Qubada, 0.6 faizi Şabranda, 2.2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük verib".

Deputat qeyd edib ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar:

"Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27.0 faiz artaraq 1 milyon 772 min olub. Azərbaycanda hotellərə üstünlük verən əcnəbilər arasında Hindistan birincidir: ümumi sayın 19.9 faizi Hindistan, 13.8 faizi Rusiya, 8.7 faizi Səudiyyə Ərəbistanı, 7.0 faizi Türkiyə, 5.6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3.6 faizi ABŞ, 3.0 faizi Küveyt, 2.8 faizi Qazaxıstan, 2.5 faizi İsrail, 2.5 faizi Böyük Britaniya, 2.4 faizi Pakistan, 2.2 faizi Özbəkistan, 2.1 faizi Çin, 1.3 faizi Almaniya, 1.1 faizi İtaliya, 21.5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Bu müddətdə hotellərin gəlirləri 26.7 faiz artaraq 468.5 milyon manat olub. Göründüyü kimi, bölgə hotellərin gəlirlərinin artmasına baxmayaraq, yenə də əsas qazanc Bakı mehmanxanalarının payına düşüb".