-
- 16-10-2019, 23:23
- 1 175
Prezident 9 ayın sosial-iqtisadi göstəricilərini qiymətləndirdi "Dünya miqyasında doqquzuncu yerdəyik"
"Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir".
News24.az xəbər verir ki, bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib:
"Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik".
Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır.
Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur", - deyə Prezident söyləyib.