“Başımıza bir hadisə gələr deyə çox qorxuram”- Bakı metrosunda dayanmaların səbəbi nədir?
    • 22-10-2019, 10:23
    • 1 031

“Başımıza bir hadisə gələr deyə çox qorxuram”- Bakı metrosunda dayanmaların səbəbi nədir?

Bu gün Bakı metropolitetnində gecikmələr baş verib. İnsanlar sıxlıq olduğundan saatlarla gözləməli, qatarları ötürməli olublar.
İşə gecikən insanlar təlaşlanaraq qatarlara minməyə tələsir, qatarın içində isə o qədər sıxlıq olub ki, insanların halı pisləşib. 


Bakı sakini Şəlalə Ağayeva News24.az-a bildirdi ki, qatara minə bilmədiyindən dəfələrlə işə gecikir: “Metrodan hər gün istifadə edirəm, son günlər tez-tez belə hallarla üzləşirik. Əsas narahatlığım isə  “”Nərimanov”dan “Gəncliyə”, “Gənclikdən” “28 may”-a gedən qatarın ləngiməsi ilə bağlıdır. Anlamıram, nəyə görə qatar belə gec-gec, dayana-dayana gedir. Düzünü desəm, başımıza bir hadisə gələr deyə çox qorxuram”.

Məsələ ilə bağlı  “Bakı Metrpoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, metroda yaranan sıxlığın və “28 may” stansiyasında yubanmaların səbəbinə aydınlıq gətirib. O qeyd etdi ki, , bu gün böyük sıxlıq müşahidə edilib: “Mən özüm də bu gün müşahidə etdim. Onu da xüsusi qeyd edim ki, qatarlarımız texniki səbəblərdən “28 may” metrostansiyasında sərnişinlər boşaldılıb və depoya göndərilib. Əvəzinə başqa qatar verilib. Bu səbəbdən interval arasında fərq olub, amma böyük fərq olmayıb. Bu da texniki səbəblərdəndir. Əgər maşinist nədənsə şübhələnirsə, texniki baxış üçün depoya göndərilir”.

B.Məmmədov qatarların ləngiməsi məsələsinə də münasibət bildirib: “Yalnız “28 may”da deyil, “Koroğlu”da da müşahidə edilib, sərnişinlərin düşüb minməsində problem olanda arxadakı qatar yavaş-yavaş gəlir. Çünki bizim işarə verən sistemimiz svetafora bənzərdir. Onlar qatarı müəyyən məsafədən sonra buraxmır. O artıq məcburdu yavaş-yavaş getsin, yaxud da saxlasın. Maksimum olaraq çalışırıq ki, qatarlar tuneldə qalmasın. Dayanırsa, stansiyada dayansın”.


Afaq Mirayiq