Bakı metropolitenində baş verən faciədən 24 il ötür
    • 28-10-2019, 11:39
    • 624

Bakı metropolitenində baş verən faciədən 24 il ötür

Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür.

News24.az-ın xəbərinə görə, 1995-ci il oktyabrın 28-i şənbə günü axşam saat 6 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətinə yola düşən qatar mənzil başına yetişmədi...

Stansiyadan təxminən 80-100 metr aralanan qatarda baş verən qəfil yanğın 279 sərnişinin həyatına elə tuneldəcə son qoydu. 270 nəfər xəsarət aldı. Bu, dünya metropolitenləri tarixində baş vermiş ən böyük hadisə idi və "Ginnesin rekordlar" kitabına daxil oldu.

Qatar tuneldə alışdığından və xilasetmə əməliyyatının lazımi səviyyədə olmaması səbəbindən faciənin miqyası böyük olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisə terror əməli hesab olunmayıb, texniki qəza kimi qiymətləndirilib. Uzun müddət araşdırma aparan istintaq qrupu hadisənin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi yararsız olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan olunub, qəzada həlak olanlar dövlət hesabına dəfn edilib və ailələrinə bir milyon manatlıq yardım göstərilib. Hadisə ən dəhşətli metro qəzası kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bakı Metropolitenindən News24.az-a verilən məlumata görə, hadisənin baş verdiyi ilk anlarda ölüm təhlükəsi ilə üz-üzə qalan insanlara metropoliten işçiləri, elə həmin qatarın sərnişinləri tərəfindən köməklik göstərildi. Yüzlərlə insan operativ xilasetmə tədbirləri nəticəsində tuneldən çıxarıldı. İnsanları ölümdən qurtaranlar arasından 3 nəfər isə özləri özlərinə yardımçı ola bilmədilər. Tuneldəki qara tüstü Naxçıvanski adına hərbi məktəbin zabiti Çingiz Babayevin, məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədovun gözlərini əbədi olaraq yumdu.

Prezident Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayevə Milli Qəhrəman adı verildi, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə" medalı ilə təltif olundular.

Afaq Mirayiq