"Ali təhsilliyəm, deyirlər, get, yol qırağında ağac ək" - AAYDA-dan işdən çıxarılanlar ETİRAZ EDİR
    • 6-11-2019, 14:57
    • 2 069

"Ali təhsilliyəm, deyirlər, get, yol qırağında ağac ək" - AAYDA-dan işdən çıxarılanlar ETİRAZ EDİR

10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-də bir qrup əməkdaş işdən çıxarılıb. Onlar tutduqları vəzifələrindən əsassız yerə çıxarıldığını iddia edirlər.

İşdən çıxarılan 4 əməkdaş - Rahilə Hüseynova, Aytən Vəlizadə, Hüseyn Hüseynov və Türkan Hüseynova qurum rəhbərliyinin onlara etdiyi haqsızlıqla bağlı News24.az-a şikayət ediblər. 

3 ilə yaxın bu idarədə çalışan Türkan Hüseynovanın sözlərinə görə, problem yeni təyin olunan müdir Ustubad Niftəliyev gələndən sonra yaranıb: “Yeni müdir daxili əmrlə bizi işdən azad edib. Ali təhsilli kadrlarıq, ailədə tək biz işləyirik, yetkinlik yaşına çatmayan uşaqlarımız var. Hansı əsasla bizi işdən çıxarır? İdarədə pensiyaçı, kollec bitirən, texnikumda oxuyan işçilər var. Əvvəlki müdir təqaüdə çıxıb deyə bizim ştatları ləğv edib, yeni ştat yaradıb sahə rəisi kimi saxlayıblar. Bəs, qayda-qanun yoxdur? Bu nə özbaşınalıqdır?!”.

Şikayətçi deyir ki, maddi vəziyyətinin çətinliyini nəzərə alıb işdən çıxarılmaması üçün müdirdən xahiş edib: “Müdirə dedim ki, anam xərçəng xəstəsidir, onun müalicəsi üçün kredit götürmüşəm, pula ehtiyacım var. Mənə dedi ki, “səni fəhlə ştatına da götürə bilərəm. Əslində ali təhsillisiniz, heç fəhlə kimi də saxlamağım doğru deyil”. Bağban işləyənə mühasibatlıqda vəzifə verildi. Amma bizə  “sizi saxlaya bilmərəm” deyildi.  İdarəmizdə əvvəl müdir işləmiş bir işçimiz də var. Onu da çıxarıblar və bizə dedikləri kimi ona da fəhlə kimi işləməyi təklif ediblər. Deyiblər ki, get, yol qırağında ağac ək! Niyə bizə belə haqsızlıq edirlər? Mən ölkə prezidenti İlham Əliyevə, birinci vitse prezidentimiz Mehriban Əliyevaya müraciət edirəm. Xahiş edirəm, haqqımızın tapdanmasına imkan verməyin”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, faktı təsdiqlədi: “Ağstafa rayonunda yerləşən 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC –də 4 ştat ixtisar olunub. Bu addım iş fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə atılıb. Ştatlar ləğv olunub və əvəzinə 4 yeni ştat yaradılıb -sahə rəisi və 3 fəhlə ştatı. O ştatda olan insanlara eyni cəmiyyətin nəzdində başqa iş təklif olunub. Onlardan biri artıq işi qəbul edib. Iki nəfərsə imtina edib. Kim ki, imtina edib, onlara bir ay müddətində möhlət verilib ki, burada işləyib, özlərinə başqa iş axtarsınlar. Əmək qanunvericiliyinə uyğun olaraq, bu prosses necə tənzimlənirsə, o cür də addımlıar atılır. Bir aydan sonra isə onlara kompensasiya verilməklə işdən azad olunacaqlar. Əlavə olaraq da, onlar 5 iş gününün birindən azad ediliblər. Bu da onların başqa iş axtarmasına kömək məqsədilə edilib.

Əgər bütün bunlarla işçilər razı deyillərsə, buyurub bizim agentliyin rəsmi olaraq müraciət edə bilərlər. Əgər hər hansı bir qeyri-qanuni  əməl olubsa, bu məsələyə hüquqi müstəvisində baxıla bilər”.  

Afaq Mirayiq