"Bibiheybət yolu"nda hərəkətin təşkilində DƏYİŞİKLİK EDİLDİ - FOTO
    • 11-01-2020, 15:30
    • 877

"Bibiheybət yolu"nda hərəkətin təşkilində DƏYİŞİKLİK EDİLDİ - FOTO

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bunun üçün sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb.

Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.

Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.