Şəkidə 13 yaşlı uşağın itkin düşməsinin təfərrüatları - ARAŞDIRMA
    • 22-01-2020, 15:43
    • 1 347

Şəkidə 13 yaşlı uşağın itkin düşməsinin təfərrüatları - ARAŞDIRMA

Şəki şəhər sakini 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən News24.az-a daxil olan məlumata görə, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngdə papaq olub. 

Hüseynəli ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün News24.az-ın əməkdaşı Şəki şəhər polis şöbəsi ilə əlaqə saxlayıb. Şöbənin tədqiqatçısı, baş leytenant Natiq Əzimov  bildirib ki, Hüseynəli bundan əvvəl də bir neçə dəfə itib: “Bu uşağın itkin düşməsi işinə iki dəfə mən baxmışam, bir dəfə də digər iş yoldaşım araşdırıb. Hər birində elə həmin gün tapıb ailəsinə təhvil vermişik. Məsələ heç vaxt bu qədər uzanmayıb. Amma indi ayın 13-ü itkin düşüb, heç kimə xəbər verməyiblər. Ayın 20-i 102 xidmətinə zəng vurublar. Bir həftə özü axtarıb, tapa bilməyib, sonra bizə məlumat verib. Ananın bu uşaqdan əlavə 3 uşağı da var. Qadını ikinci dəfə ailə həyatı qurub, Hüseynəli birinci həyat yoldaşından olan uşağıdı. Həmin həyat yoldaşı hazırda Leninqradda yaşayır. Anası yeni doğulmuş uşağı ilə xəstəxanada olub, digər uşaqlara isə ikinci həyat yoldaşı baxırmış. Hüseynəli həmin ərəfədə evdən çıxıb". 

N.Əzimovun sözlərinə görə, Hüseynəli əqli cəhətdən qüsurludur: “O uşaq ondan-bundan pul alır, internet klublarda dolanır. Çox guman ki, Şəkidə deyil. Çünki rayonda hamı onu tanıyır. Görən olanda ya polisə, ya da ailəsinə məlumat verirlər. Artıq 9 gündür itib, Şəkidə olsaydı, tapılardı. Yəqin ki, Bakıdadı, avtovağzaldan avtobuslara minib gedib”. 

Məsələ ilə bağlı Hüseynəlinin anası Zəhra Hüseynli ilə də əlaqə saxladıq. O bildirdi ki, oğlu ayın 13-də itib: “Axtardıq tapmadıq, sonra polisə zəng vurduq. Oğlum uşaqla xəstəxanada olduğum vaxt yoxa çıxıb. O heç vaxt diqqətdən kənarda qalmayıb. Onu iyun ayından bu yana evdən çıxmağa qoymuram. Hər dəfə “həyətdə oynamaq istəyirəm” deyir. Mən nə edim, 13 yaşı var, evdə saxlaya bilmirəm”. 

Zəhra Hüseynəlinin atalığı ilə hər hansı problemin olmadığını da bildirib. 

“Adətən uşağı kimə tapşırırsınız” sualına isə ana belə cavab verdi: “Tək olduğuma görə, uşağa qonşular baxır. Axtarmışıq, özüm də rayonu gəzmişəm, yoldaşım da Bakıda axtarıb”. 

Onu da nəzərinizə çatdıraq ki, News24.az-ın instagram səhifəsində Hüseynəli Hüseynlinin itməsi ilə bağlı xəbərin şərhlər bölməsinə yeni məlumatlar daxil olub. Oxuculardan biri Hüseynəlini Bakıxanov qəsəbəsində gördüyünü bildirib. News24.az-la əlaqə saxlayan xanım oxucunun sözlərinə görə, Hüseynəli bir sürücünün evində yaşadığını deyib: “Bu uşaq bütün günü kücələrdə gəzir, anası yiyə durmur. Onun dediyinə görə, “Nefçilər”də sürücü dostu var. Mən ondan soruşanda dedi ki, həmin sürücü kirayədə qalır, uşaq da onunla yaşayır. Uşaq deyib ki, onlar kolbasa - çörək yeyirlər Görünüşünə görə böyük təsir bağışlayır, amma uşaq kimidir. Gəzəndə də azca axsayır, ayağında qüsur var”. 

Qeyd edək ki, aldığımız məlumatları polisi əməkdaşı ilə paylaşdıq. Araşdırmalar davam etdirilir. 

Afaq Mirayiq