-
- 6-02-2020, 22:22
- 2 074
Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olunub
Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib. Tədbir Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Əvvəlcə Ağaxan Abdullayev haqqında videoçarx nümayiş olunub.
News24.az xəbər verir ki, tədbirdə Xalq artisti Mənsum İbrahimov Ağaxan Abdullayevin ifaçılıq sənətinə töhfələrindən danışıb. “Çox təəssüf ki, əcəl onu aramızdan tez apardı. Ağaxan müəllim Azərbaycan muğam sənətinin sütunlarından biri idi. Nə qədər ki, Azərbaycan xalqı var, Ağaxan Abdullayevin mahnıları da bir o qədər yaşayacaq”, - deyə M.İbrahimov qeyd edib.
Vurğulanıb ki, Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edib. Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib.
O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adlarına, habelə “Simurq”, “Humay”, “Yaşa Azərbaycan” mükafatlarına və Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini bölüşüblər.
Tədbir bədii hissə ilə davam edib. Gecədə “Buta” instrumental ansamblının müşayiətilə çıxış edən Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslan, Mələkxanım Əyyubova, Simarə İmanova, Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Məmməd Nəcəfov, Elnarə Abdullayeva geniş musiqi proqramı təqdim ediblər.
Tədbirin sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi adından gecəni təşkil edənlərə və iştirakçılara təşəkkürünü bildirib.