“Çindən Azərbaycana gələnlər yoxlanılmır"- AZƏRBAYCANLI İŞ ADAMINDAN İDDİA
    • 10-02-2020, 10:45
    • 2 871

“Çindən Azərbaycana gələnlər yoxlanılmır"- AZƏRBAYCANLI İŞ ADAMINDAN İDDİA

“Mənim kimi yüzlərlə insan Çindən tranzitlə Azərbaycana gəlir. Bakı aeroportunda heç kim yoxlanılmır”.

Bunu News24.az-a açıqlamasında Çindən yenicə gələn iş adamı Nurlan Əliyev (ad şərtidir) bildirib. Onun sözlərinə görə, yalnız könüllülər yoxlamadan keçirilir: “Mən Çindən Moskvaya  ordan da Bakıya uçdum, Mənimlə birgə yüzlərlə insan da gəlirdi. Heç kim yoxlanılmadı. Yalnız könüllü şəkildə, kim istəyirdisə, onları yoxlayırdılar. Mənim tanışım sonuncu Pekin- Bakı reysi ilə gəlmişdi. Nömrəsini götürüblər, həkim ona deyib ki, səndən soruşsalar, deyərsən ki, yoxladılar, problem olmadı”. 

N.Əliyev onu da bildirib ki, koronavirusa çinlilərdən başqa heç kim yoluxmayıb: “Çinlilər şübhələnirlər ki, bu virus  məhz onlara qarşı törədilib. Amma xəstəliyin pis xüsusiyyəti odur ki,   sən virusa yoluxmasan da, onun daşıyıcısı ola bilərsən.  Özün keçirməsən də, başqasını yoluxdura bilirsən. Biz orada olarkən Pekində bir nəfər bu xəstəlikdən öldü. Amma bu rəqəm aldadıcı da ola bilər. Çünki bizə deyilənə görə, bu mutasiya edən virusdu. Çinin bəzi şəhərləri nəzarətə götürülüb. Pekində bütün iş yerləri dayandırılıb. Ancaq məhdud vəziyyyətdə xidmət sektoru işləyir. Heç bir yer işləmir. Dünyanın heç bir ölkəsinə Çindən gələn xariciləri  qəbul etmirlər. Mən Rusiyaya bilet almışdım, Ekaterinburq-Moskva-Bakı reysi ilə getdim, məni hava limanına buraxmadılar”. 

Koronavirusun daha çox yayıldığı ərazilərindən danışan iş adamı onu da əlavə edib ki, Venzhou  şəhərində azərbaycanlıar çoxluq təşkil edir: “Dostlarımla əlaqə saxlayırıq, deyirlər ki, şəhər karantinə alınıb. İki gündən bir hər evdən bir nəfəri buraxırlar ki, getsin nə isə alsın. Amma o dostum bildirir ki, bu xəstəliyə yoluxan bir nəfər olsa tanışı yoxdur. Amma ümumiyyətlə, Venzhounın 1 milyona yaxın sakini var ki, onların əksəriyyəti başqa şəhərlərdə çalışırlar. Bu onların xarakterik xüsusiyyətidir, heç kim burda qalmır, orda-burda işləyirlər. Əksəriyyəti iş adamlarıdır. Azərbaycandakı restoranların əksəriyyəti Venzhou şəhərinin filiallarıdır. Onlar dünyanın hər yerinə yayılıblar”. 

Qeyd edək ki, yeni koronavirusun episentri hesab olunan Uhan şəhəri cari ilin 23 yanvar tarixindən blokadadadır. Yanvar və fevral aylarında ölkədə keçirilməsi planlaşdırılan bütün ictimai tədbirlər ləğv edilib. Çin höküməti insanlara evdən çölə çıxdıqda qoruyucu maska taxmağı və ictimai yerlərə getməməyi tövsiyə edir. Çin Yeni İli ilə bağlı elan edilmiş qeyri-iş günləri 31 yanvar tarixindən 10 fevral tarixinədək uzadıb. 3 fevral tarixindən yalnız əhalinin normal həyatını təmin edən dövlət qurumları işə başlayacaq, digər dövlət qurumları və şirkətlərin isə 10 fevral tarixindən işə başlamağı planlaşdırır. Qeyri-rəsmi məlumatlara görə, virusun yayılması ilə bağlı vəziyyətin yaxın günlərdə düzəlməyəcəyi təqdirdə, qeyri-iş günləri yenidən uzadıla bilər. Məktəblər və universitetlərdə isə qış tətilinin vaxtı mart ayının əvvəlinədək uzadılıb. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə sorğu göndərdik. Qurumdan məsələnin araşdırılıb məlumat veriləcəyi bildirilib.
                
Afaq Mirayiq