“Bizim efirlərdə ancaq qeybət edirlər”- Ofelya Sənani
    • 14-02-2020, 17:20
    • 1 008

“Bizim efirlərdə ancaq qeybət edirlər”- Ofelya Sənani

Bu gün Azərbaycan televiziyasının yarandığı gündən 64 il ötür. 1956-cı il fevralın 14-dən etibarən bütün evlərdə “Göstərir Bakı” kəlməsi ilə AzTV yayımlanmağa başladı. Baxmayaraq ki, bu gün Azərbaycanda bir çox özəl telekanallar fəaliyyət göstərir, amma AzTV-nin hər bir azərbaycanlının həyatında öz yeri var. İllərdir səsinə öyrəşdiyimiz diktorlar isə az qala öz doğmamıza çevrilib. 
Mülayimliyi, mehribanlığı, kövrəkliyi ilə qəlblərə yol tapan televiziya aparıcısı, xalq artisti Ofelya Sənani ilə əlaqə saxlamağımızda məqsəd də həmin istiliyi, doğmalığı yenidən hiss etməkdir. Amma səhhətində narahatlığı olduğu üçün Ofelya xanımı çox yormadıq, kiçik bir söhbətlə həm keçmişə səyahət etdik, həm də televiziyanın bugünkü durumundan danışdıq.

News24.az bu söhbəti olduğu kimi təqdim edir:      

-    Necəsiniz, Ofelya xanım. Necə hiss edirsiniz özünüzü?

-    Ürəyim xəstədi, təzyiqim var. Amma möhkəməm, iradəliyəm. Mən neqativ şeyləri özümdən uzaqlaşdırmağı bacarıram.  

-    AzTV-nin yarandığı gündür, nə hislər keçirirsiniz? 

-    AzTV-yə öz minnətdarlığımı bildirmək istəyirəm, bura məni insanlara sevdirdi. Özünüz də görürsünüz, AzTV gözlənilıməz dərəcədə yaxşılığa doğru dəyişib. Maraqlı verilişləri var. “Səhər” proqramları da çox baxımlıdır. Onun nəzdində yaradılan “Mədəniyyət kanalının” da bu il 9 yaşı tamam olur. Bu münasibətlə də onları təbrik edirəm. Arzu edirəm ki, hər zaman öz işlərini sevsinlər, televiziyaya iş xatirinə gəlməsinlər. Radio və Televiziya elədir ki, ürəkdən sevməsən, heç zaman işləyə, müvəfəqiyyət qazana bilməzsən. Radio və televiziya sevgi mənbəyidir. Aparıcılar ona baxan tamaşaçıya sevgi aşılamağı bacarmalıdırlar. Ona görə də mən hamıya sevgi arzulayıram. Ürəkləri istəyən verilişləri hazırlaya bilısinlər. 

-   AzTV-də neçə il çalışmısınız? 

-    Çox, 16 il radioda, qalan illərimi isə televiziyada keçirmişəm. İkisi bir yerdə 52 il edir. 2006-cı ildən isə uzaqlaşdım. 

-    Yadıma gəlir ki, siz uşaqlar üçün verilişlərə aparıcılıq edirdiniz. Həmin proqramları səbirsizliklə gözləyərdik. İndi nümayiş olunan uşaq proqramlarından razısınızmı? 

-    Razı deyiləm. Uşaqlar üçün verilişi sönük aparmaq olmaz. Onlara həyatı sevdirməyi bacarmalısan, ədəbiyyata, filmələrə sevgini aşılamalısan. Aparıcılarda soyuqluq var, heç seyircinin qəlbinə toxuna da bilmirlər. Bizim bu qədər uşaq ədəbiyyatı yazıçılarımız var, cizgi filmlərimiz var. Heç olmasa, cizgi filmlələrini göstərdikcə gərək izah etsinlər. Bütün uşaqlar eyni dərəcədə qavrama qabiliyyətinə malik deyillər. Biri zəif düşünür, birinin isə zehni çox açıqdır. Bütün bunları nəzərə almaq lazımdır....

-    Son dövrlər aparıcıların  müğənnilər kimi şoulaşdığını müşahidə edirik.  Əvvəlki dövrün ciddi diktorlarına artıq az rast gəlinir... Müasir aparıcılıq sizcə beləmi olmalıdır? 

-    Yox, aparıcının buna ixtiyarı yoxdu. Aparıcı hər bir cəhətdən örnək olmalıdır. Ən önəmlisi isə izləyicisini sevməlidir. Tamaşaçıya biganə olanda, əlbəttə, deyəcək kimin xoşuna gəlir gəlsin, xoşuna gəlmir, baxmasın. O sevgini onlar yaratmalı, onlar öyrətməlidir. Ona görə də, mən hiss edirəm, bütün insanlar  arasında da biganəlik yaranıb. Dad biganəlik əlindən. Olmaz! Televiziyalar, radiolar insanlarda bir-birinə sevgi, diqqət təbliğ etməlidir. Bu gün gəldim, mətni oxudum, çıxdım getdim, olmamalıdır.

Mənə görə, aparıcının mütaliəsi çox olmalıdır.  Mütaliə olmayanda dərinə də gedə bilmirlər. Mən hamıya şamil etmək istəmirəm. Aralarında yaxşıları da var. Amma aparıcılar efirə çıxanda şəxsi həyatlarını, ağrılarını, acılarını bir kənara qoymalıdırlar. Bizim də evimizdə yas olub, məsciddən çıxıb verilişə qaçmışam. Özümlə geyim də götürmüşəm. O əhval ruhiyyəni mən kamera qarşısında göstərməmişəm. Ölüm, olum -bunlar haqdır, hamımızın həyatında belə hadisələr olur. Belə şeyləri televiziyaya gətirmək olmaz. Əvəllər bizim geyimimizə də fikir verirdilər. Xəbərlər proqramını oxuyanda yayın istisi bir yandan, projektorların da 80 dərəcə istiliyi bir yandan, veriliş aparırdıq. O vaxtlar kondisioner nə gəzirdi? O cür istidə biz “Günün ekranı”nı oxuyurduq. Çünki fikrimiz mətndə, camaatın yanında idi ki, xəbərləri yaxşı çatdıraq, çaşmayaq. 

-    Bir çox hallarda aparıcıların bəziləri veriliş vasitəsilə bir-birinə söz atıb, eyiblərini açırlar...  

-    Belə halları mən də görürəm. Amma efirdən söz atmaq düzgün deyil. Bu, mədəniyyətsizlikdir. Belə qərəzli münasibət onları inkişafa aparmır, əksinə xoşolmayan qalmaqal yaradır. Axı niyə bir-birinizin qəlbini qırırsınız, olmazmı ki, bir-birinizə ruh verəsiniz. Əlbəttə tənqid eləmək olar, üzbəüz, dostcasına. Bizdə elə efirdə qeybət edirlər. 

-    Yenidən efirə çıxmaq istərdinizmi? 

-    Artıq veriliş aparmaq istəmərəm. O hədəf, o ruh yüksəkliyi artıq yoxdu. Can ağrayır, itkilərim olub. Yəni mənimçün efir çoxdan bitib... 

Afaq Mirayiq