"Havanın çirklənməsi ötən günlərlə müqayisədə azalıb" - ETSN
    • 19-03-2020, 16:03
    • 1 739

"Havanın çirklənməsi ötən günlərlə müqayisədə azalıb" - ETSN

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri  tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq 18-19 mart 2020-ci il tarixlərində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında keçirilən monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Havada azot, karbon və kükürd  oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb.

Bunu jurnalistlərə Nazirliyin şöbə müdiri Rasim Səttar-zadə bildirib. 

O qeyd edib ki, əvvəlki göstəricilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40-50 faiz azaldığını deməyə əsas verir. 
“Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır”. 

Nazirliyin şöbə müdiri qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib.  Bu gün səhər saatlarında  havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.