“Baş Prokurorluqda mühüm kadr islahatları aparılıb”- DEPUTAT
    • 24-04-2020, 12:20
    • 935

“Baş Prokurorluqda mühüm kadr islahatları aparılıb”- DEPUTAT

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanmasından bir il ötür. Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Fərmanın icrası ilə bağlı görülən işlər barədə məqalə hazırlayıb.

News24.az məqaləni təqdim edir.

Qlobal proseslərə və müasir çağırışlara adekvat cavab verən, praqmatik yanaşmalar əsasında formalaşmış uğurlu dövlətçilik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilir.

2018-ci ilin prezident seçkilərində Azərbaycan xalqının tam dəstəyini alaraq parlaq qələbə qazandıqdan sonra dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində ölkədə islahatların yeni mərhələsinin başlandığını bəyan etdi və bununla da bütün sahələri əhatə etməklə biri-birini tamamlayan ardıcıl islahatların reallaşdırılmasına start verildi.

Bütövlükdə 2019-cu ildə və 2020-ci ilin birinci rübü ərzində dövlət tərəfindən sosialyönümlü siyasətin həyata keçirilməsi, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, çoxsaylı dövlət proqramlarının uğurla icrası, xüsusən dünyanı sarsıtmış koronavirus pandemiyası dövründə çətinliklərin aradan qaldırılması üçün ölkəmizdə həyata keçirilən kompleks tədbirlər öz qətiyyətliliyi və səmərəsi ilə başqa dövlətlərdən ciddi şəkildə fərqlənməklə dünyada güclü dövlət modelinin nümunəsi olub.

Bununla yanaşı, 2019-cu il, eyni zamanda, ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi də yadda qalıb.

Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalanıb. Həmin Fərmanda məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Təbii ki, bu addımlar dövlətimizin başçısının qəti siyasi iradəsinə, onun fundamental islahatçılığına əsaslanır.

Fərmanın imzalanmasından artıq bir il ötür və bu gün geriyə nəzər saldıqda ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna əhəmiyyət daşıyan dövlət sənədinin icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfiqurasiyanın şahidi oluruq.

Məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” olan Fərmanın icrasına təxirə salınmadan başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb.

Qeyd edilməlidir ki, Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün zəruri tədbirlərin görülməsi, kommersiya məhkəmələrinin təşkili və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və digər aidiyyəti qurumlara tapşırıq və tövsiyələr verilib.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2019-cu ilin iyul ayında bir sıra yeni qanunlar qəbul edildi. Belə ki, həmin vaxt qəbul olunmuş ilk qanunvericilik aktları paketinə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxmaq səlahiyyəti olan ixtisaslaşmış yeni regional kommersiya məhkəmələri yaradıldı, inzibati məhkəmələr sisteminə yenilik gətirildi. Bundan əlavə, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirildi, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırıldı.

İkinci qanun layihələri paketi isə 2019-cu ilin dekabr ayında qəbul olunaraq 2020-ci il martın 1-dən qüvvəyə minib. Həmin dəyişikliklərlə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması nəzərdə tutulub.

Dəyişikliklərin digər mühüm istiqaməti ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən məhkəmə ekspertizası fəaliyyətini əhatə edib, özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etmək imkanı təsbit olunub.

Məhkəmələrdə baxılan işlərin hakimlərin sayına nisbətdə proporsional olmaması nəzərə alınaraq, Fərmanla hakimlərin sayı 200 vahid artırılaraq 800 vahidə çatdırılıb. Təkmilləşdirilmiş prosedurlar əsasında hakimliyə namizədlərin seçimi prosesi nəticəsində hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə daha keyfiyyətli baxılmasına xidmət edəcəkdir.

Fərmanın icrası çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan və ötən ilin martında qəbul edilmiş “Mediasiya haqqında” Qanunun respublikamızda tətbiqi üçün Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə tədbirlər davam etdirilir.

Eyni zamanda, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər mənfi halların aradan qaldırılması ilə bağlı Fərmanda irəli sürülmüş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında institusional tədbirlərin həyata keçirilməsi təmin olunub.

Dövlətimizin başçısı tərəfindən növbəti humanist addım atılaraq Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi barədə Baş Prokurorluğa, Ali Məhkəməyə və Ədliyyə Nazirliyinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Həmin tövsiyə və tapşırıqların icrası çərçivəsində qeyd edilən qurumlar tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri paketi hazırlanıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub.

Həmin qanun layihələri Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduqdan sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasında baxılaraq birinci oxunuşda qəbul olunub.

Bununla yanaşı, Fərmanda Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının fəaliyyət istiqamətlərindən birini təşkil edən məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil olunması və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib.

Azərbaycan Prezidentinin tövsiyələrinin icrası ilə əlaqədar Baş Prokurorluq tərəfindən bir sıra mühüm institusional və kadr islahatları aparılıb, məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha səmərəli həyata keçirilməsi, vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini yerinə yetirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkili, əhalinin prokurorluğa müraciət imkanlarının asanlaşdırılması üçün Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin strukturu apellyasiya instansiyası məhkəmələrinin ərazi yurisdiksiyasına uyğun yenidən təşkil edilib və idarənin tərkibində Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan regional şöbələri təsis olunub.

Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, 2000-ci ildən başlayaraq obyektiv meyarlar əsasında gənc hüquqşunaslardan ibarət kadr korpusunun formalaşdırıldığı prokurorluq orqanlarında xidmət edən prokurorluq işçiləri hesabına Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində mövcud vəzifələrin yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunub, nəticədə dövlət ittihamçıları vəzifələrinə təyinatlar həyata keçirilib və ştat tərkibi 44 faiz yenilənib.

Fərmanda müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi zərurətinin xüsusi qeyd olunması nəzərə alınaraq, ədliyyə orqanları və məhkəmələrlə yanaşı, Baş Prokurorluqda da bu istiqamətdə tədbirlər davam etdirilib, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işlərinə məhkəmələrdə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı hazırlanaraq istifadəyə verilib.

Qeyd edilən Fərmanda nəzərdə tutulan ideya və prinsiplərin dövlət qurumları tərəfindən yüksək peşəkarlıqla reallaşdırılması və bu istiqamətdə tədbirlərin ardıcıl olaraq davam etdirilməsi təkcə məhkəmə-hüquq sisteminin deyil, ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişafında mühüm əhəmiyyət daşımaqla yeni mərhələnin başlanğıcı olub.