İlahiyyat İnstitutu əcnəbi tələbələr üçün qəbul elan edib
    • 8-06-2020, 13:51
    • 363

İlahiyyat İnstitutu əcnəbi tələbələr üçün qəbul elan edib

Azərbaycan İlahiyyat İnstitutuna 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə institutdan News24.az-a məlumat verilib.

Bildirilib ki, tələbələrin qəbulu təhsil sahəsində Azərbaycan ilə xarici ölkələr arasında bağlanılan müqavilələrə uyğun müəyyənləşdirilən kvota, institutun iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən müəyyən edilən təhsil qrantı proqramı, institut ilə xarici ölkələrin təhsil müəssisələri, hüquqi və fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr və Azərbaycan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında keçirilir.

İnstitut ödənişsiz təhsil alan əcnəbi tələbələrə xüsusi imtiyazlar verəcək. Belə ki, onlar yüksək məbləğdə təqaüdlə, yataqxana və bütün fənlər üzrə pulsuz dərsliklərlə, o cümlədən geyimlə təmin olunurlar.

Aşağıdakı meyarlara uyğun olan şəxslər İlahiyyat İnstitutunun bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət edə bilərlər:

Yaşı 30-dan çox olmayan.
Əvvəlki təhsil pilləsini və ya səviyyəsini uğurla bitirən.
Məhkumluğu olmayan.
Sağlamlığı təhsil almağa imkan verən.
Azərbaycan dilini bilən.
Din xadimi kimi fəaliyyət göstərməyə marağı olan.
Din haqqında ümumi anlayışı olan.
Mənəvi-psixoloji durumu dini təhsil almağa imkan verən.
Ünsiyyətqurma bacarığı olan.
Ümumi dünyagörüşü geniş olan.
Cəmiyyətdə mövcud müxtəlif inanclara qarşı dözümlülüyü olan.
1-4-cü bəndlərdə qeyd olunanlar əcnəbinin təqdim etdiyi sənədlər vasitəsilə, 5-11-ci bəndlər isə bu Qaydalara uyğun surətdə. İnstitut tərəfindən təşkil olunan müsahibə nəticəsində müəyyən edilir.