Övladdan imtina edənlər, atılmış uşaqların səsindən bezənlər - MÜSAHİBƏ
    • 9-06-2020, 13:47
    • 994

Övladdan imtina edənlər, atılmış uşaqların səsindən bezənlər - MÜSAHİBƏ

İngilislərin belə bir deyimi var “Uşaqlar ancaq kasıbların özlərinə qıya biləcəyi bahalı nemətdir”.

Valideyn üçün bu dünyada övladdan şirin ikinci varlıq yoxdur. Lakin əksər hallarda çoxlarının həsrət qaldığı valideyn statusundan imtina edənlər də var.


Çox insanlar valideyn olur bu həyatda. Amma heç də onların hər biri valideyn statusunu, ana-ata müqəddəsliyini dərk etmir. İllərlə uşaq həsrəti çəkən o qədər insan var ki ətrafımızda... Və biz hər iki tərəfə baxdıqda ürək ağrısı ilə bu mənzərəni izləyirik. 
Hələ bizim təqdim etdiyimiz sadəcə bir ünvandır... Valideyn sevgisindən məhrum 30 uşaq... 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə üzləşdiyi problemləri News24.az-a danışır. 

- Kəmalə xanım, sığınacaq haqda fikirlər birnəmalı deyil. Daha çox hansı sualla qarşılaşırsınız? 

- O qədər xoşagəlməz sözlər eşidirəm ki... Ən ağrılı bir şey odur ki, mənə “O yeməklərdən uşaqlara bir şey çatacaq?” sualını verirlər. Həmin vaxt elə bil ki, məni söyürlər. Bunu necə ağıla sığışdırmaq olar? Artıqlaması ilə çatacaq. Bu sualı verənlər uşaq evlərində gördükləri mənzələri əsas gətirirlər. Sığınacağı uşaq evi ilə qarışdırırlar. Uşaq evi və qeyri-hökumət təşkilatının tərkibində fəaliyyət göstərən sığınacaq bir-birindən tamamilə fərqlənir. Əgər uşaq ona verilən geyimi cırırsa, deməli ona baxmırıq?  


“Yetim sözündən utanın" 

- Müzakirə olunan digər məsələ uşaqların başının keçəl edilməsidir... 

- Bu uşaqlar sığınacağa elə vəziyyətdə gəlirlər ki, onların başını qırxdırmaqdan başqa seçim olmur. Səbəb də odur ki, bit artıq həmin uşaqların başında irin salır. Yəni, bit artıq dərinin altına keçir və uşaq başını yara əmələ gələnə qədər qaşıyır. Bu zaman nə etməliyik? Həmin dəqiqə də birinci sual o olur ki, “Niyə yetimin başını qırxmısınız?” Əvvəla “yetim” sözündən utanın. Ardınca da “bütün uşaq evlərində baş qırxılır, çünki pintiçilikdir, baxmırlar” yazırlar.   

- Regionlardan sığınacağa uşaq vermək istəyənlər varmı? 

- Karantin rejimi onu da göstərdi ki, əgər sənin Bakıda yaşamaq imkanın yoxdursa, o zaman niyə öz yerini tərk etmisən? Niyə qayıtmırsan? Deyirlər ki, burada dolana bilmirlər, amma beş-altı uşağı ard-arda dünyaya gətirirlər. Əgər sən o uşağa baxmayacaqsansa, o zaman onu problemlə üz-üzə qoymağa nə ixtiyarın var? Niyə görə sonra gətirib mənə deyirsən ki “Mən baxa bilmirəm, sən bax”.  

- Pandemiya dövründə neçə nəfər övladından imtina etmək üçün sizə müraciət edib? 

- Karantin rejimi başlayandan, 18-30 mart tarixləri arasında qapıdan 30-dan çox qadın qaytarmışıq. Gələn dedi ki “uşağımı götür, baxa bilmirəm”. Həmin qadınlar arasında seçim edib, onlardan 17-ni nəzarətə götürdük, ərzaqla təmin etdik.  

"Reklam xatirinə sığınacağa yardım edənlər var"

- Reklam xətrinə sığınacağa yardım etmək istəyənlər olurmu? 

- Bu məsələ ilə əvvəlki illərdə daha çox rastlaşırdıq. Adam var idi ki, gəlib bir qazan yeməyin başında dayanıb sicilləmə oxuyurdu. Kənardan baxırdım və deyirdim buna ehtiyac varmı? Cavab verirdi ki, “bəli, var”. Ətrafdakılar da onu alqışlayırdı. Bilirsiniz, uşaqlar yemək yeyəndə çəkilmələrini xoşlamırlar. Onlara yazıq gözü ilə baxılmasını qəbul edə bilmirlər.  


- Uşaqlara görə qonşularla mübahisə yaşamısınız? 

- Bizim heç kiminlə konfliktimiz yoxdur. Onların bizimlə olub. Divar qonşumuz var idi. Mənə dedi ki, sən Nargin adasına köç, orada heç kim olmayacaq. Nə istəyirsən orada et.  Daha sonra isə səs eşitməmək üçün məndən evinin pəncərələrini dəyişməyimi istədi. Özü də qalın şüşəli pəncərə tələb etdi, dəyişdirdik. Amma bəzən pəncərəni açıb, burada olan şənliklərə elə yaxşı baxırdılar ki... Qarşımızdakı binada yaşayan bir sakin şikayət edir ki, səs-küydür, sizə çox xeyriyyəçi gəlir. Əslində isə onun başqa niyyəti var idi. Xeyriyyəçinin qarşısını kəsib “niyə ona kömək edirsiniz? mənim də evdə uşağım var. Mənə kömək edin” deyirdi. Adam sığınacaqla öz evi arasında olan fərqi görə bilmirdi.  

"Sığınacaq tikmək üçün torpaq sahəsinə ehtiyacımız var"

- Sığınacaqla bağlı hansı çətinliyiniz var?  

- Mənim bircə arzum o ola bilər ki, gördüyümüz işi daha da  effektiv həyata keçirmək üçün bəzi maddi qayğılardan azad olmaq üçün Binəqədi rayonu ərazisində torpaq sahəsi olsun. Cəmi 5 sot torpaq istəyirik. Dostlarla əl-ələ verib yeni sığınacaq tikəcəyik. Avtovağzal tərəfdə boş torpaqlar var, sadəcə almağa gücüm çatmır...  

Teymur Məmmədov 
Foto: Nurlan GM