Mübariz yolu - Müşfiq Abbasov yazır
    • 19-06-2020, 14:01
    • 1 865

Mübariz yolu - Müşfiq Abbasov yazır

Həmin vaxt mən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyirdim. Səhər işə gələndə Tərtər hərbi prokurorluğunun nəzarət etdiyi hərbi hissələrdən birində Mübariz İbrahimov adlı gizirin özbaşına avtomatla düşmən tərəfə keçməsi barədə məlumat aldım. Elə həmin gün bu barədə Tərtər hərbi prokurorluğunda araşdırma başlandı. 

Mübarizin yatağından onun yazıb qoyduğu məktubu tapıldı. Həmin məktub dərhal Mübarizin digər xətt nümunələri ilə birlikdə məhkəmə-xəttşünaslıq ekspertizasına təqdim olundu və ekspertizanın rəyi ilə məktubun Mübariz tərəfindən yazılması təsdiq olundu. Onun xidmət etdiyi döyüş postunun və bölüyün şəxsi heyəti bütünlüklə dindirildi. Təbii ki, adi insanlara qəribə gələ bilər ki, bu nə araşdırmadır aparılır. Amma qeyd edirəm ki, xidmət yerini özbaşına tərk etmək və hər bir ölüm faktına hüquqi qiymət verilməli və bununla bağlı qərar qəbul edilməlidir. 

Bəzi məlumatı olmayan insanlar sosial şəbəkələrdə yazırlar ki, guya ilk günlərdə Hərbi Prokurorluqda Mübariz İbrahimova cinayət işi başlanılıbmış, bir müddətdən sonra xitam verilib. Amma bu fikri qəti surətdə təkzib edirəm. Respublika Hərbi Prokurorluğunda Mübariz İbrahimova hər hansı bir cinayət işinin başlanılmasından söhbət belə gedə bilməzdi. Həmin gün səhər saatlarında bizim kəşfiyyat ermənilərin ratsiya ilə gizli və şifrəli danışığını tutmuşdu. Ermənilər öz aralarında danışırdılar ki, Azərbaycan ordusunun bir bölməsi gecə hücuma keçib və bir erməni postunun şəxsi heyətini tamamilə məhv edib. Tək Mübariz İbrahimov yaşatmışdı onlara bu həyəcanı. Belə bir şəraitdə kim Mübarizə cinayət işi başlayardı? Yəni, onun törətdiyi qəhrəmanlıq həmin gün artıq bizlərə məlum idi və biz sadəcə Mübarizlə fəxr edirdik.  

Birinci Qarabağ savaşından sonrakı illərdə Mübariz kimi qəhrəmanımız olmamışdı. Mübariz erməni quldurlarını məhv etməklə bərabər yazdığı məktubla tarixə düşdü. Onun məktubunu oxuyan ilk adamlardan biri də mən idim. İndi tarix kitablarında yazılan həmin məktubu orjinalından oxumaq mənə də qismət oldu. Həmin məktubu oxuyarkən, keçirdiyim hiss və həyəcanı olduğu kimi sizə çatdırmaqda çətinlik çəkirəm. Mübariz bilərəkdən şəhid olmağa getməklə içində olan Vətən sevgisini ortaya qoymuş və bu sevgini gülləyə düzərək bütünlüklə düşmənin bədəninə yeritmişdi. O, heç ölümündən sonra xalqın gözündə qəhrəman olacağını, onun vətənpərvərliyinə dövlət səviyyəsində çox yüksək qiymət veriləcəyini bilmədən etmişdi bu hərəkəti. Demək ki, hələ bu millətin vətənpərvərləri var və olacaq da. Vətən torpağı üçün şəhid olmağı gözə alan Mübariz bunun bariz nümunəsidir. 

Hələ ki, bu millətdə Mübariz ruhu yaşayır. 1937-ci ildə Stalin represiyalarında, 1992-ci ildə Qarakənd faciəsində bu millətin vətənpərvərləri məhv edilsə də, damarımızda axan bircə damcı türk qanı millətimizin gələcəyini xilas edəcək. Kimlərsə öz çirkin əməlləri ilə bu millətin ucalmasının və böyüməsinin qarşısını ala bilməz. Onların istəkləri mütləq ürəklərində qalacaq. Sadəcə kim olduğumuzu dərk edib düz yol tutmalı, övladlarımızı millət, dövlət və bayraq üçün böyütməliyik. Əminəm ki, onda illərdir ki, həll olunmayan Qarabağ problemi də həllini tapacaq. Bu yolun başlanğıcını Mübariz İbrahimov qoyub artıq. Bu yol bir gizirin bütün əsgər, zabit və generallar, ümumilikdə isə bütöv bir xalq üçün müəyyən etdiyi yoldur. Qarabağa aparan yol - məhz Mübariz yoludur!

Müşfiq Abbasov