Aytənin xəyanəti - Səmədin ailə dramının ŞOK TƏFƏRRÜATI
    • 22-06-2020, 17:36
    • 1 489

Aytənin xəyanəti - Səmədin ailə dramının ŞOK TƏFƏRRÜATI

Bu gün haqqında yazacağım hadisə real həyatdan götürülüb. Sadəcə, yazdıqlarımı oxuyandan sonra düşünün.... 

2015-ci ildə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində müstəntiq işləyirdim. O vaxt mənə bir cinayət işini araşdırmağı tapşırdılar. Hadisə belə olmuşdu: 

Səməd adlı bir qızıl alverçisi vardı. İmkanlı adam idi. Xanımı və üç uşağı ilə birlikdə yaşayırdı. Oğlu 12, qızları 16 və 18 yaşlarında idi. Həyat yoldaşı Aytən 36 yaşlı evdar xanım idi. Yüksək səviyyədə maddi təminatı olan bu xanım gününü ancaq alış-verişdə və gözəllik salonlarında keçirirdi. Günlər keçdikcə həyat Aytənə maraqsız gəlirdi. O, həyatında dəyişikliklər etmək istəyirdi. 

Qızmar bir yay günü dənizdə qızları ilə dincələndə cavan bir oğlan Aytənin xoşuna gəlir. Onlar bir müddət baxışdıqdan sonra oğlan mobil nömrəsini kağıza yazıb ona verir. Aytən telefon nömrəsini özündə saxlasa da, oğlana zəng etmir. Amma bir gün ərini işə yola salandan sonra gizli nömrə ilə oğlana zəng edir. Təxminən 2-3 ay onunla gizli nömrə ilə danışır. Məlum olur ki, oğlan 11-ci sinifdə oxuyur, adı Məmməddir. 

Günlər keçdikcə onlar bir-birinə daha da öyrəşirlər. Aytən gündə Məmmədlə 2-3 saat telefonla danışmasa, dayana bilmir. Nəhayət, bir gün ona açıq nömrə ilə zəng edir. Aralarında sevgi macərası başlayır. Onlar dəfələrlə ayrı-ayrı məkanlarda görüşürlər. Həmin görüşləri Aytən təşkil edir. Hətta Aytən Məmmədə avtomobil belə alır. 

Əvvəlcə heç nədən xəbəri olmayan Səməd getdikcə Aytənin dəyişdiyini hiss edir. Bir vaxtlar mehriban olan arvadı indi onunla çox soyuq davranır, gecələr ona yaxın gəlmir, daha çox bəzənib- düzənir. Səməd Aytəndən şübhələnir. O, üç günlüyə Dubaya getməli olur. Yola çıxmazdan əvvəl evdə gizli səsyazma qurğusu quraşdırır. Qayıdandan sonra səs yazısına qulaq asan Səməd Aytənin Məmməd adlı bir oğlanla ona xəyanət etdiyini öyrənir. Buna baxmayraq, o, Aytənə heç nə demir. 

Var-dövlət düşkünü olan Səməd əvvəlcə arvadının adında qeydiyyatda olan iki villanı öz adına keçirib satır. Bir gecə isə Aytəni yuxudan oyadib ondan Məmmədin kim olduğunu soruşur. Aytən ağlamağa başlayır. Səməd Aytəni çılpaq halda "skoç"la stula bağlayır. Daha sonra uşaqlarını yuxudan qaldırıb onlara analarının xəyanəti barədə danışır. Əlinə oxlov alıb arvadını döyməyə başlayır. Oxlovla onun başına və bədəninin müxtəlif yerlərinə vurur. Onun hərəkətlərini görən uşaqlar qorxudan ağlamağa başlayırlar. 16 yaşlı qızı tez zəng edib baş verənləri nənəsinə danışır. Nənəsi isə hadisə barədə "102"-yə xəbər verir. Polislər Səmədin evinə gəlib Aytəni azad edirlər. O, uşaqlarını da götürüb anasıgilə gedir. 

Bu faktla əlaqədar Səbail rayon prokurorluğunda Səmədin barəsində cinayət işi açıldı və o, həbs edildi. Daha sonra cinayət işi Bakı Şəhər Prokurorluğuna verildi. Bu işin istintaqını mən apardım və yuxarıda təsvir olunanları tam sübuta yetirdim. İşi məhkəməyə göndərməyə hazırlaşırdım. Bu məqamda prokurorluğa Səmədin qızlarının ərizələri daxil oldu. Hər iki qız ataları tərəfindən mütəmadı olaraq seksual hərəkətlərə məruz qaldıqlarını bildirirdilər. Mən onları dindirib ataları ilə üzləşdirdim. Çox ağrılı mənzərə idi. Qızların ikisi də atasının üzünə durdu. Səməd isə ağlayıb deyilənləri inkar edirdi. 

Üzləşmədən sonra Səmədin qızlarını psixoloji ekspertizadan keçirdim. Ekspertizanın rəyindən aydın oldu ki, qızlar analarının təsiri altında belə ifadə verirlər. Bir sözlə, Səmədin qızlarına qarşı seksual hərəkətlər etdiyi təsdiqlənmədi. Ona görə də həmin xüsusat üzrə cinayət təqibini rədd etdim. Yalniz Aytənə işgəncə vermə faktına görə onun işini məhkəməyə göndərdim. Məhkəmə prosesi də çox ağır keçdi. Səməd iki il müddətinə azadlıqdan məhrum edildı. Bu, əsl ailə dramı idi...
 
Hadisədən xeyli keçsə də, həmin ailənin başına gələnləri daim xatırlayırdım. Səmədin həbsxanadan çıxıb nə edəcəyi, necə yaşayacağı, həyatda nədən tutunacağını düşünürdüm...
 
Təxminən bir il əvvəl Bakı bulvarındaki kafelərin birində oturmuşdum. Bu vaxt arxadan bir nəfərin astaca çiynimə toxunduğunu hiss etdim. Bu, Səməd idi. Mənimlə ayaqüstü görüşüb hal-əhval tutdu. Mənsə ondan artıq nəsə soruşmağa utandım. Səmədin qızları ilə üzləşmə epizodu gözümün önünə canlandı, bir anlıq ona yazığım gəldi. 

Səməd məndən aralanıb təxminən 6-7 stol arxadakı masaya yaxınlaşdı. Gördüyüm mənzərə fikirlərimi tamamilə alt-üst etdi. Həmin masada Aytən öz uşaqları ilə oturmuşdu. Vaxtilə ağır bir ittihamla üzünə duran qızlar indi atalarının boynuna sarılır, Aytən isə sanki heç nə olmayıbmış kimi, xoşbəxt bir ailənin xanımı təsiri bağışlayırdı. Gördüklərim məni heyrətə gətirdi. Demək ki, ailələrin çoxu göründüyü kimi deyil. Bu həyatda hər şey mümkündür...

P.S. Yazıdakı adlar şərtidir.

Müşfiq Abbasov